Milli Məclisin deputatı, professor Kamilə Əliyeva AŞPA-nın islamofob, türkofob düşüncəli nümayəndələrin düşərgəsinə çevrildiyini deyib.
Deputat “Report”a açıqlamasında bildirib ki, AŞPA deputatlarının Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səslərinin dondurulmasına dair qərarı ölkəmizə qarşı növbəti qərəzli mövqeyin nümunəsidir.
“Biz dəfələrlə AŞPA-nın Azərbaycana qarşı qərəzli qərarlarının qəbul edilməsinin şahidi olmuşuq. Bu dəfə AŞPA Azərbaycanı insan hüquqlarının pozulmasında günahlandırır. 30 il Ermənistan torpaqlarımızı işğal altında saxladığı vaxtlarda, 1 milyon azərbaycanlı öz doğma evlərindən qovulanda, onlara qarşı soyqırımı törədiləndə, 100 minlərlə azərbaycanlı Ermənistandan deportasiya olunanda AŞPA bir dəfə belə səsini çıxartmadı. Ermənistanın törətdiyi bu vəhşiliyə görə bu ölkəyə qarşı heç bir qərar qəbul etmədi. Fransa, Almaniya və bir sıra Qərb dövlətlərinin şəhərlərində insanlar hər zaman polis zorakılıqlarına məruz qalır, döyülür, həbs olunur. Nədənsə AŞPA bunları görmək istəmir. Fransa Afrika, Şərqi Asiya dövlətlərinə qarşı neokolonializm siyasəti həyata keçirəndə, bu ölkənin milyonlarla insanını qətlə yetirəndə AŞPA Fransaya heç bir təsir göstərmədi. Bu gün Fransa Korsikada milli azadlıq hərəkatının üzvlərini təqib edir, onları həbs edir. AŞPA insan hüquqlarının pozulmasına görə Fransaya irad belə bildirmir”, - o qeyd edib.
Milli Məclisin üzvü əlavə edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, beynəlxalq hüquq normalarına əsaslanaraq torpaqlarını işğaldan azad etdi, suverenliyi və ərazi bütövlüyünü bərpa etdi: “Bununla Azərbaycan həm də dünyada beynəlxalq hüququn, ədalətin bərpa olunmasına yardımçı oldu. Dünyada ikili standartların hələ də mövcud olunması səbəbindən AŞPA Azərbaycana qarşı bu cür ədalətsiz, yalan və qərəzli mövqe nümayiş etdirir. Azərbaycana qarşı yönələn bu cür çirkin əməllərin arxasında, şübhəsiz ki, Fransa dövləti dayanır. Fransanın Azərbaycana qarşı törətmək istədiyi bütün təxribatlar Prezident İlham Əliyevin apardığı qətiyyətli və uzaqgörən siyasəti sayəsində fiaskoya uğrayıb. Fransanın Azərbaycan qarşısında məğlubiyyətlərinin qisasını almaq məqsədilə Almaniya dövlətindən istifadə etmək qərarına gəlməsi bu ölkənin acizliyinin nümunəsidir. Ölkəmizə qarşı yönələn budəfəki təklifin müəllifinin almaniyalı deputat Frank Şvabenin olması təəccüblü deyil. Çünki bu şəxs hər dəfə Azərbaycana qarşı qəbul edilmiş qərarların müəlliflərindən biri olub”.
Deputatın sözlərinə görə, Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv olanda bu təşkilatın ədalətin yanında olacağını düşünürdü: “Təəssüf ki, bu qurum islamofob, türkofob düşüncəli nümayəndələrin düşərgəsinə çevrilib. Azərbaycan nümayəndə heyəti haqlı olaraq AŞPA-da fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdi. AŞPA Fransa və Almaniya hakimiyyətinin və Qərbdəki erməni lobbisinin əlində oyuncaq olan bir təşkilatdır. AŞPA və Qərbdəki bəzi bədnam siyasətçilər düşünür ki, bu cür qətnamələr qəbul etməklə və əsassız bəyanatlar səsləndirməklə Azərbaycana təsir göstərə biləcək. Azərbaycanın əldə etdiyi qələbəni, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlərdən biri də hər zaman ölkəmizə qarşı qərəzli, təxribat xarakterli bəyanatlar səsləndirən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı, Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Cozep Borrelldir. O, Avropa İttifaqı Xarici Əlaqələr Şurasının yekununa dair mətbuat konfransında bir daha ermənilərə olan sevgisini nümayiş etdirərək Azərbaycanın ünvanına qərəzli, böhtan xarakterli ifadələr səsləndirib. İspaniyadan olan C.Borrellinin dəfələrlə ikiüzlü siyasət aparmasının şahidi olmuşuq. Dünyada separatizmin təzahürlərini pislədiyini deyən Borrell 2023-cü ildə Azərbaycan Qarabağda separatçılara qarşı antiterror əməliyyatı həyata keçirən vaxt erməni lobbisinin diqtəsinə uyğun olaraq erməni separatizminə dəstək nümayiş etdirib”.
K.Əliyeva vurğulayıb ki, heç bir dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycanla təhdid dili ilə danışa bilməz.
“Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət ədalətə və sülhə xidmət edir və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan artıq Qarabağ problemini özü həll edib və beynəlxalq aləmdə heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ehtiyacı yoxdur. Ümumiyyətlə, AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qərarlar ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir”, - o əlavə edib.