Tailand Krallığının Ankarada iqamət edən Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Apirat Suqondhabhiromun “Report”a müsahibəsi:
- Cənab səfir, ötən il avqustun 25-də Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri kimi etimadnamənizi Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdi. Ölkəmiz və onun insanları haqqında təəssüratınız necədir?
- Mən vəzifəmin icrasına başlayandan bəri Azərbaycanda üç dəfə olmuşam. Keçən il etimadnaməmi təqdim etmək üçün Bakıya getdim. Bakıya ikinci səfərim iyulda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər səviyyəsində keçirilən iclasında Tailand nümayəndə heyətinin rəhbəri kimi oldu. Səfər etdiyim ikinci şəhər Naxçıvandır. Ötən ilin mayında Ankaradan və Bakıdan diplomatik korpusdan olan həmkarlarımla birlikdə Ümummilli Lider və Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə ona ehtiramımızı bildirmək üçün bu səfərdə iştirak etdim. Azərbaycan və azərbaycanlılar əfsanəvi qonaqpərvərliyi ilə mənə həmişə xoş təsir bağışlayıb. Xalqınız mehriban, mərhəmətli və yardımsevərdir. Ölkənin coğrafiyası, təbii sərvətləri, xüsusilə də neft və təbii qaz bolluğu enerji sektorunda Azərbaycanı potensial tərəfdaşlarımızdan birinə çevirir.
Azərbaycanla hansı sahələrdə əməkdaşlığın genişləndirilməsini məqbul hesab edirsiniz?
- Ötən il Tailand və Azərbaycan ikitərəfli münasibətlərimizin 30 illik yubileyini qeyd etdik. Dostluq əlaqələrimizin 30 illiyi hər iki ölkə üçün mübadilə və əməkdaşlıqlarımızı araşdırmağa imkan verir. Münasibətlərimizi siyasi baxımdan dəyərləndirdikdə hesab edirəm ki, bu sahədə yaxşı çalışmışıq. Bunu səfər mübadiləsindən, Tailandın Bakıda fəxri konsulunun təyin edilməsindən və bir çox sazişlərin imzalanmasından da görmək olar. Fikrimcə, əməkdaşlığımızı gücləndirmək üçün prioritetlər daha çox biznesə, akademik sektorlara və son vaxtlar müsbət inkişaf potensialı nümayiş etdirən insanlararası münasibətlərə yönəldilməlidir.
Ötən ilin iyulunda Etimadnaməmin təqdimatı zamanı Prezident İlham Əliyev ilə müzakirədə razılaşdıq ki, kənd təsərrüfatı, qida sənayesi, təmiz enerji sahələrində əməkdaşlıq bizim prioritetimiz olmalıdır. Hazırda bizim aparıcı enerji şirkətlərimiz, Tailandın dövlət orqanları və Azərbaycanın SOCAR şirkəti bir-biri ilə əməkdaşlıq edirlər. Biz Azərbaycanla digər sahələrdə də sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik.
- Yeri gəlmişkən, Azərbaycana səfəriniz zamanı qida emalı sahəsində əməkdaşlığı xüsusilə vurğulamışdınız. Bu gün dünyada ən vacib məsələlərdən biri də qida təhlükəsizliyidir. Azərbaycan və Tailand arasında təhlükəsiz qida emalı ilə bağlı hər hansı səmərəli təklifləriniz varmı?
- Hər iki ölkənin böyük əhəmiyyət verdiyi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq ərzaq təhlükəsizliyi üçün əsas məsələdir. Hesab edirəm ki, Tailand və Azərbaycan da qida sənayesinin potensialında məhsul və inqrediyentlərlə zəngindir. Tailand kənd təsərrüfatı məhsulları və qida emalı sənayesində böyük təcrübəyə malikdir. Tailanddakı həm dövlət qurumları, həm də bu sahələrdə özəl sektorlar Tədqiqat və İnkişaf (R&D), texnologiyanın ötürülməsi və insan resurslarının inkişafı sahələrində böyük uğurlar qazanıb. Tailand qida texnologiyasında halal məhsul sertifikatına sahibdir ki, bu da dünyanın ən yaxşı markalarından biridir.
Hazırda Tailand Xarici İşlər Nazirliyi yanında Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyi (TİCA) vasitəsilə artıq bir çox azərbaycanlı ölkəmizdə qida təhlükəsizliyi üzrə kurslarda təhsil almaq üçün təqaüd haqqı qazanıb. Tailand qida təhlükəsizliyi təcrübəsinə malik olduğu sahələrdə insan resurslarının artırılması istiqamətində Azərbaycana dəstəyini davam etdirməyi nəzərdə tutur ki, bu da ona bir nümunədir. Odur ki, Tailand dayanıqlı kənd təsərrüfatı, ərzaq istehsalı və təmiz enerji kimi sahələrdə Azərbaycanın dövlət qurumları və korporasiyaları ilə geniş əməkdaşlıq edə bilər.
- Bilirsiniz ki, Azərbaycan 30 il apardığı mübarizədən sonra ərazi bütövlüyünü bərpa edib, torpaqlarımız Ermənistan işğalından azad olundu. Hazırda həmin ərazidə geniş tikinti və bərpa işləri aparılır. Prosesdə müxtəlif ölkələrdən şirkətlər iştirak edir. Tailandın bu proseslərdə iştirakı gözlənilirmi?
- Qarabağın vəziyyəti ilə bağlı Tailand Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhəd daxilində suverenliyə və ərazi bütövlüyünə hörmətlə yanaşır, sərhədlərə müdaxilə etməmək və mübahisələrin sülh yolu ilə həllinə riayət edir. Buna görə də Tailand sülh yolunu axtaran bütün maraqlı tərəfləri dəstəkləyir.
- Qarabağ və işğaldan azad edilən digər Azərbaycan rayonlarının hansında oldunuz və təəssüratlarınız nədir?
- İndiyə qədər Qarabağın heç bir bölgəsinə getmək imkanım olmayıb. Ərazidə vəziyyət bütün maraqlı tərəflərin mehriban və məqbul həllər əldə etdiyi dərəcədə yaxşılaşdıqda ümid edirəm ki, tezliklə ora gedəcək və Qarabağı öz gözlərimlə görəcəyəm.
- Xalqlarımız arasında əlaqələrin qurulması istiqamətində hansı fəaliyyətləriniz var? Tailandda nə qədər azərbaycanlı yaşayır?
- İnanıram ki, xalqlarımız arasında əlaqələrimiz mədəni, akademik, təhsil mübadiləsi, turizm və həmçinin mənəvi-mədəni əlaqələr vasitəsilə gücləndirilə bilər. Üstəlik, filmlər, seriallar və ya hər cür əyləncə növləri vasitəsilə münasibətlərimizin inkişafı mümkündür. Hazırda, tay əyləncələrinə axın veb-saytlarında daha populyarlaşır və asanlıqla əldə edilir. Düşünürəm ki, bu, azərbaycanlılara tayların mədəniyyətlərini daha yaxşı anlamağa və insanlar arasında münasibətləri yaxlaşdırmağa kömək edə bilər. İqamətgahı Kuala-Lumpurda yerləşən Tailand Səfirliyinin Azərbaycan üzrə səfiri, dostum və həmkarım İrfan Davudovun sözlərinə görə, Tailandda təxminən 30-dək azərbaycanlı yaşayır.
- Azərbaycanla turizm sahəsində əlaqələr necədir? Hər iki ölkədə turizmin inkişafı və təbliği üçün hansı addımların atılması planlaşdırılır?
- Tailand sərfəli səyahət büdcələri daxilində xarici turistlərə müxtəlif tropik turistik yerlər, maraqlı mədəniyyət, qədim tarix, ticarət təcrübəsi, o cümlədən gözəl çimərliklər, dünya şöhrətli yerli mətbəx və əyləncəli həyat təklif edir. Ölkəmiz soyuq qışdan uzaqlaşmaq üçün əla yerdir. Və ya əksinə, Azərbaycan tailandlı turistlər üçün çoxlu potensiala malik yeni və ekzotik alternativ məkandır. Bununla belə, etiraf etməliyəm ki, hazırda hələ də problemlər var. Hələlik tailandlılardan ölkənizə daxil olmaq üçün Azərbaycan vizası, azərbaycanlı turistlərin də ölkəmizə gəlməsi üçün Tailand vizası tələb olunur. Bakıda nə Tailand səfirliyi var, nə də Banqkokda Azərbaycan səfirliyi. Amma azərbaycanlı turistlərin Tailanda səyahət etmə potensialı artdığı üçün Tailandın müvafiq orqanları indi azərbaycanlı səyahətçilərin Ankara üzərindən deyil, Tailanda çatdıqdan sonra sərhəddə qapı vizası (VoA) ilə müraciət etmək hüququna malik olmalarına icazə vermək imkanını nəzərdən keçirir. Həmçinin elektron viza sistemi hazırlanır ki, bu sistem işə salındıqdan sonra azərbaycanlı səyahətçilər üçün Tailand vizasını almaq daha asan olacaq. Ümid edirəm ki, bu proseslə, aramızda turizm əlaqələri daha da güclənəcək. Yaxın bir il ərzində bu variantların həyata keçirilməsi mümkün ola bilər.
- İki ölkə arasında birbaşa uçuşların açılması gözlənilirmi?
- Hazırda iki ölkə arasında birbaşa aviareys yoxdur. Əldə etdiyimiz məlumata görə, hər iki ölkədən turistlər digərinə Qatar Airways və ya Türk Hava Yolları ilə səyahət edə bilərlər.
- Tailand tezliklə Azərbaycanda səfirlik aça bilərmi?
- Tailandın Bakıda səfirliyinin açılması müsbət qiymətləndirilib, lakin etiraf etmək lazımdır ki, büdcə və kadr ehtiyaclarını nəzərə alsaq, bu hələ bir qədər vaxt aparacaq. Bu arada Tailand Krallığının Ankaradakı səfirliyi Azərbaycanı buradan təqib edir, həm Ankarada, həm də Bakıda azərbaycanlı dost və tərəfdaşlarımızla sıx və mehriban əməkdaşlıq edir. Tailandın Bakıdakı fəxri konsulu cənab Suat Fətəliyev ölkələrimiz arasında dostluğun təbliğində öz vəzifəsini layiqincə icra edir.
Yeri gəlmişkən, Azərbaycana səfərim zamanı Bakıda Heydər Əliyev mərkəzində oldum. Çox xoşuma gəldi. Bakıdan Azərbaycan rəmzi olan dəyərli hədiyyələr aldım. "Yanardağ" haqqında eşitdim, amma hələ gedə bilmədim.
- Bakıda buddistlərin ən çox üz tutduğu Atəşgah da var. Adətən hindlilər Azərbaycana gəldikdə ilk üz tutduqları yer Atəşgah olur. Atəşgahda oldunuzmu?
- Xeyr olmadım. Maraqlıdır. Mən bunu qeyd edərəm. Azərbaycanın daha hansı tarixi yerləri var?
- Azərbaycanın Bakıdan başqa Şəki-Zaqatala, Qəbələ, Gəncə, hazırda Qarabağda - Şuşa, Naxçıvan, İsmayıllı-Lahıç, Şamaxı, Quba-Qusar, Lənkəran-Lerik-Masallı, Qazax-Tovuz zonalarında tarixi-mədəniyyət abidələrimiz olan, turizm baxımdan da əlverişli çox gözəl yerləri var. İlk ağlıma gələn yerləri sadaladım...
- (Gülür). Zatən jurnalistlərlə dostluq etməyi sevirəm. Səfərim zamanı ehtiyac olsa, yenə jurnalist dostlarımdan, o cümlədən sizdən soruşaram.
- Məmnuniyyətlə, cənab səfir. Müsahibə üçün vaxt ayırdığınıza görə təşəkkür edirik.