Tahir Faruk: Pakistan və Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə strategiyalardan faydalanacaq

Tahir Faruk: Pakistan və Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə strategiyalardan faydalanacaq Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri zamanı Bakı ilə İslamabad arasında imzalanmış bir sıra sazişlər qısamüddətli iqtisadi faydaların hüdudlarından kənara çıxır və bu sənədlər güclü strateji müttəfiqlikdən xəbər verir. Bundan başqa, iki ö
Xarici siyasət
15 İyul , 2024 13:50
Tahir Faruk: Pakistan və Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə strategiyalardan faydalanacaq

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri zamanı Bakı ilə İslamabad arasında imzalanmış bir sıra sazişlər qısamüddətli iqtisadi faydaların hüdudlarından kənara çıxır və bu sənədlər güclü strateji müttəfiqlikdən xəbər verir. Bundan başqa, iki ölkə iqlim dəyişikliyi ilə mübarizədə birgə strategiyalardan faydalana bilər.

Bunu “Report”a açıqlamasında “Daily Ittehad Media Group və Pakistan Economic Net”in baş redaktoru, Pakistan Qəzet Redaktorları Şurasının (CPNE) Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti Tahir Faruk deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Pakistana səfəri həqiqətən də ölkələr arasında ikitərəfli münasibətlərin tarixində mühüm mərhələdir və bu, iki ölkə arasında uzun illərdir ki, qarşılıqlı dəstək və əməkdaşlıqla səciyyələnən güclü əlaqələri vurğulayır:

“Aydındır ki, bu səfər sayəsində Azərbaycan və Pakistan arasında iqtisadi və enerji əməkdaşlığı yeni zirvələrə yüksəlib. Bir neçə anlaşma memorandumunun, xüsusən də mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü, enerji infrastrukturu layihələri ilə bağlı anlaşma memorandumlarının imzalanması Pakistanın enerji problemlərinin həllinə yönəlmiş tərəfdaşlığın dərinləşməsini nümayiş etdirir”.

Ekspertin fikrincə, nəqliyyat və logistika dəhlizləri kimi strateji layihələrə önəm verilməsi regional inteqrasiya və qarşılıqlı əlaqəyə dair ümumi baxışı nümayiş etdirir.

T.Faruk qeyd edib ki, iqtisadi və enerji sahəsində əməkdaşlıqda əhəmiyyətli irəliləyişlə yanaşı, iki ölkə arasında gələcək birgə fəaliyyət üçün bir sıra digər perspektivli sahələr də mövcuddur:

“Turizm sahəsində əməkdaşlıq xüsusilə maraqlı sahədir. Hər iki ölkə zəngin mədəni irsə və dünyanın hər yerindən turistləri cəlb edə biləcək çox gözəl təbiət mənzərələrinə malikdir. Turizmin təşviqi, viza prosedurlarının sadələşdirilməsi və səyahət paketlərinin yaradılması üzrə birgə səylər hər iki iqtisadiyyata böyük fayda verə bilər”.

Baş redaktor iqlim dəyişikliyinin aktual problem olduğunu da vurğulayıb:

“Hər iki ölkə iqlim dəyişikliyinin təsirlərinə qarşı həssasdır və onlarla mübarizə aparmaq üçün birgə strategiyalardan faydalana bilər. Bərpa olunan enerji, meşələrin bərpası proqramları və kənd təsərrüfatı sahəsində birgə təşəbbüslər həm ətraf mühitin mühafizəsini təşviq edir, həm də iqlim risklərini azaltmağa yardım göstərə bilər”.

O deyib ki, təhsil və texnologiya mübadiləsi sahəsində böyük potensial var:

“Birgə tədqiqat layihələri, tələbə mübadiləsi proqramları və texnologiya transferi müqavilələri hər iki ölkənin təhsil və texnoloji potensialını artıra bilər”.

Ekspert söyləyib ki, səhiyyə sahəsində əməkdaşlıq, xüsusən də tibbi təcrübə və resursların mübadiləsi qlobal sağlamlıq problemləri fonunda bu siyahıda yer alır:

“Bir sözlə, münasibətlərin gələcək inkişafı potensialı çox böyükdür və ondan səmərəli istifadə olunarsa, bu, həm Azərbaycana, həm də Pakistana ciddi fayda verə bilər”.

Son xəbərlər

Orphus sistemi