Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı (BMTİP) və ABAD tərəfindən birgə həyata keçirilən “Şəki və Zaqatalada kiçik ailə biznesinə dəstək” layihəsinin başa çatması münasibətilə rəsmi mərasim keçirilib.
“Report” xəbər verir ki, bu layihə öz yerli biznesini açmaq və ya genişləndirmək istəyən 44 kənd ailəsi üçün nəzərdə tutulub.
“Biz bu layihənin möhtəşəm nəticələrinin şahidi olduq. Layihənin donoru qismində çıxış etdiyinə görə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk. Biz ABAD-la da sıx əməkdaşlıq etdik. Şübhəsiz ki, bu layihə uğurlu əməkdaşlığın ən səciyyəvi nümunələrindən biridir”, - BMTİP-nin Azərbaycan üzrə Rezident Nümayəndəsi Allesandro Frakasetti bildirib.
“Bu layihə xüsusilə də dayanıqlı inkişaf kontekstində bizim üçün prioritet olan sosial-iqtisadi inkişafa yönəlib. Bu, ölkənin regionlarında ailə bizneslərinin dəstəklənməsinə yönəlmiş, Aİ-nin Azərbaycan nümayəndəliyi və ABAD-la birlikdə həyata keçirdiyimiz 6 layihədən biridir. Bu layihənin benefisiarı 600 nəfər ola bilər. 44 ailəyə artıq yardım göstərilib. Bu ailələrin öz kiçik bizneslərini yaratması və inkişaf etdirməsi üçün onlara təlimlər keçilib, lazımi biliklər ötürülüb”, - A.Frakasetti deyib.