Səfirlik: Gürcüstan vətəndaşlarının Azərbaycan sərhədini keçmələrində problem yoxdur

Səfirlik: Gürcüstan vətəndaşlarının Azərbaycan sərhədini keçmələrində problem yoxdur Dünən axşam saatlarından etibarən 221 nəfər Gürcüstan vətəndaşı Azərbaycanla sərhədini keçib və bu məsələdə heç bir problem yoxdur.
Xarici siyasət
22 İyul , 2020 19:29
Səfirlik: Gürcüstan vətəndaşlarının Azərbaycan sərhədini keçmələrində problem yoxdur

Dünən axşam saatlarından etibarən 221 Gürcüstan vətəndaşı Azərbaycanla sərhədi keçib və bu məsələdə heç bir problem yoxdur.

Bu barədə “Report”a Gürcüstanın Azərbaycandakı konsulu Natia Tsereteli bildirib.

O, öz vətəndaşlarını qəbul etməmələri barədə xəbərlərin əsassız olduğunu diqqətə çatdırıb: “Azərbaycanlı və yaxud gürcü olsun, fərqi yoxdur, hamısı bizim üçün Gürcüstan vətəndaşıdır. Kiminsə sərhəddə qaldığına gəlincə, bunlar hər iki tərəfdən texniki məsələlərdir. Belə ki, sərhədi keçmək üçün gələnlərin bir qismi səfirliyimizə bu barədə bildirməmişdi. Halbuki bu vacibdir, çünki onları əvvəlcədən qeydiyyata almalıyıq. Bunun üçün ya səfirliyin qaynar xəttinə zəng vurmalı, ya da səfirliyə gəlməlisiniz. Gələnlərin yerləşmələri, karantin keçmələri v s. məsələlərlə bağlı bütün texniki məqamları həll etməliyik. Bununla yanaşı, Azərbaycanda olan bir çox vətəndaşlarımızda hazırkı pandemiya üzündən sənədlərin və qeydiyyatın müddəti artıq başa çatıb. Odur ki, əvvəla bizim də köməyimizlə bunlar yoluna qoyulmalıdır ki, sərhəddə ilişib qalmasınlar, yaxud Azərbaycanda cərimə olunmasınlar. Biz tərəfdən heç bir problem yoxdur”.

Gürcüstanlı diplomat həmçinin Azərbaycan tərəfinə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargaha karantin dövründə vətəndaşlarının geri qaytarılmasına yardım üçün müraciət etdiklərini də bildirib: “Bunu da nəzakətlə yerinə yetirdilər. Xahişimizi yerə qoymayıb müvafiq qərar verildiyi üçün Azərbaycan hökumətinə bir daha təşəkkür etmək istərdik. İndiyədək min nəfərdən artıq Gürcüstan vətəndaşı Azərbaycandan çıxarılıb və bu işlər qətiyyən dayandırıla bilməz”.

Xatırladaq ki, bundan əvvəl də konsulluq Gürcüstan vətəndaşlarını vətənə qayıtmaq üçün müvafiq qaydada qeydiyyatdan keçməyə, bunun üçün də ya (050) 250 07 10 nömrəli qaynar xəttə zəng etməyə, ya da səfirliyə şəxsən gəlməyə çağırmışdı.

Son xəbərlər

Orphus sistemi