Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe “Report”a müsahibəsində Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı, işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu, Naxçıvan Muxtar Respublikası və digər ərazilərdə həyata keçirilən energetika layihələri, COP29-da iştirak və digər bir sıra məsələlərdən danışıb.
Müsahibəni təqdim edirik:
- Cənab səfir, Azərbaycanda fəaliyyətinizə qısa müddət əvvəl başlamısınız. Ötən dövr ərzində bölgələrə səfər etmək imkanınız olubmu? Ümumiyyətlə, Azərbaycan haqqında təəssüratlarınızı bilmək istərdik.
- Keçən ilin dekabr ayından - Azərbaycandakı missiyam başlayan müddətdən etibarən həm iş, həm də şəxsi məqsədlərlə Azərbaycanın bir sıra füsunkar rayonlarına səfər etmək fürsətim olub. Azərbaycan UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bakıdakı İçərişəhər, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi kimi bir çox tarixi abidələrə, eləcə də Xəzər dənizi və başıqarlı Qafqaz sıra dağları kimi əsrarəngiz mənzərələrə malik bir ölkədir. Ərzaqların bol və dadlı, iqlimin isə mülayim olması burada yaşamağı çox əlverişli edir. Eyni zamanda, Azərbaycan xalqının çox mehriban olması, mənə və yapon xalqına qarşı hər zaman istiqanlı yanaşması çox sevindirici haldır. Fikrimcə, Azərbaycanı daha da cazibədar edən onun insanlarıdır.
- Məlumdur ki, Yaponiya hökuməti bu gün Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı kimi mühüm bir proqram həyata keçirir. Maraqlıdır, bu proqram çərçivəsində Azərbaycanda indiyə qədər hansı layihələr icra olunub, onlar neçə regionu əhatə edib və bu layihələrin ümumi maliyyə dəyəri nə qədərdir? Həmçinin cari il ərzində və ya növbəti illərdə bu proqram çərçivəsində səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrində daha hansı işlərin görülməsi planlaşdırılır?
- 2000-ci ildən etibarən Yaponiya hökuməti Azərbaycanın 58 rayonunda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində 286 layihə həyata keçirib. Bütün bu layihələrin ümumi dəyəri təxminən 24 milyon ABŞ dollarıdır. İndiyə qədər uşaq bağçaları, tibb məntəqələri, su təchizatı, suvarma və s. kimi tikinti və təmir layihələri icra edilib.
Qrant yardımı proqramı regionlarda yaşayan əhalinin məişəti üçün fundamental ehtiyacları təmin etmək, məişət mühitlərini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş layihələrdir. Bu layihələr səfirliyin tərtib etdiyi illik planlaşdırma əsasında deyil, müraciət edən təşkilat tərəfindən təqdim edilmiş ərizələrlə ərsəyə gəlir. Yaponiya səfirliyi Azərbaycan xalqı tərəfindən daha da yaxşı layihə təkliflərinin təqdim olunmasına ümid edir.
“Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı təhsil, səhiyyə, ictimai gigiyena kimi sahələrdə sakinlərə birbaşa faydalı olacaq nisbətən kiçikmiqyaslı layihələrə maliyyə təqdim edir. Yerli idarəetmə orqanları, təhsil müəssisələri, tibb müəssisələri və s. kimi qeyri-kommersiya qurumları qrant yardımı üçün müraciət edə bilərlər. Yaponiya səfirliyi bu cür qeyri-kommersiya qurumları tərəfindən də layihə üçün müraciətlərin daxil olacağına ümid edir.
- Yaponiya hökuməti sözügedən qrant yardımından başqa, Azərbaycanda daha hansı layihələr həyata keçirib, bu layihələr hansı sahələrə yönəldilib və onların maliyyə dəyəri nə qədərdir?
- Yaponiya hökumətinin indiyə qədər Azərbaycanda həyata keçirdiyi qrant yardımların ümumi məbləği 2021-ci ilin göstəricilərinə əsasən, təxminən 100 milyon ABŞ dolları təşkil edib. Biz az əvvəl söz açdığım “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramından başqa, keçmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə suvarma kanallarının qazılması üçün nəzərdə tutulan avadanlığın təqdim edilməsi layihəsini də həyata keçirmişik.
- Cənab səfir, Yaponiyanın tibb və texnologiya sahəsindəki uğurlarını nəzərə alaraq bilmək istərdik ki, Azərbaycanla Yaponiya arasında təhsil sahəsində hansısa əməkdaşlıq mövcuddurmu? Azərbaycanlı tələbələrin Yaponiyada təcrübə keçməsi üçün proqramların təşkil edilməsi planlaşdırılırmı?
- Azərbaycan başda olmaqla, dünyanın hər bir ölkəsindən tələbələri qəbul etmək üçün Yaponiyada müxtəlif təhsil sistemləri tətbiq edilir. Bu cür təhsil sistemlərindən istifadə etməklə indiyə qədər Azərbaycandan da bir çox tələbə Yaponiyada təhsil alıb, hazırda da azərbaycanlı tələbələr Yaponiyanın müxtəlif universitetlərində təhsil alırlar. Yaponiyada təhsil almış bu şəxslər Azərbaycanın müxtəlif dövlət və özəl qurumlarında, məktəblərdə, eləcə də Yaponiya şirkətlərində və digər bir sıra sahələrdə fəaliyyət göstərməklə ölkələrimiz arasında ikitərəfli münasibətlərin qurulmasının bünövrəsini qoyublar. Yaponiyada təhsil almış azərbaycanlılar hər iki ölkə üçün çox dəyərlidirlər. Ona görə də mən Yaponiyada oxuyan azərbaycanlı tələbələrin sayının artacağına ümid edirəm.
- Bu gün Yaponiya şirkətlərinin Azərbaycanda investisiyaları daha çox hansı sahələrə yönəlib? Həmçinin hansı sahələrə investisiyaların cəlbini mümkün hesab edirsiniz?
- Əsas investisiyalar neft-qaz, energetika sahəsinə yönəldilib. Fikrimcə, İNPEX, "İtoçu" şirkətlərinin pay sahibi olduqları "Azəri-Çıraq-Günəşli" neft yatağı və "Bakı-Tbilisi-Ceyhan" boru kəməri layihələrində uzun illərboyu iştirak ölkələrimiz arasındakı xoş ikitərəfli iqtisadi münasibətlərin simvolu olub. Həmçinin Azərbaycan hökumətinin "yaşıl inkişaf" ilə bağlı səyləri, əlverişli logistik konsepsiyalar da Yaponiya şirkətləri üçün cəlbedicidir. Bundan başqa, vizual media və s.-dən istifadə etməklə Azərbaycanın tanıdılmasına, turizm sahəsindəki əməkdaşlıq əlaqələrinin inkişaf etdiriləcəyinə də ümid bəslənir.
2023-cü il avqustun 4-də “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya qəbul edilib. Hazırda sərmayə sazişinin tez bir zamanda imzalanması ilə bağlı hər iki ölkə arasında danışıqlar davam edir. Bu cür səylər ölkələrimiz arasında investisiya mühitini yaxşılaşdırır. Mən bunun sərmayə qoyuluşlarının artmasına gətirib çıxaracağına ümid edirəm.
- Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərini Hiroşimaya bənzədirlər. Bu gün Hiroşima sülh və birgəyaşayış mərkəzinə çevrilib, atom bombasının izləri silinib. Hazırda Ağdamdan da işğalın, vandalizmin izlərini silmək üçün işlər gedir. Bu işlərə Yaponiya tərəfindən dəstək mövcuddurmu?
- 79 il öncə Hiroşima şəhəri atom bombası ilə viran edilmiş, nəticədə çoxlu sayda insan həlak olmuş, şəhərlər dağılmışdı. Orada çətinliklə sağ qalanlar kədərlərinin öhdəsindən gələrək yorulmadan ötən 75 il ərzində Yaponiyanın daxilindən və xaricdən aldıqları dəstək sayəsində heç bir bitkinin bitməyəcəyi deyilən xarabalıqları bərpa etdilər və bu gün müasir Hiroşima dünyada sülh rəmzi, ümid rəmzi olaraq qəbul edilir. Düşünürəm ki, bunun tək səbəbi Hiroşimanın atom bombasının qurbanı olması deyil, səbəb həm də şəhərin xarabalıqdan xilas olması, nüvə silahının ləğv edilməsinə töhfə verməsi, dünyada əbədi sülh naminə çalışan şəhər olmasıdır. Arzu edirəm ki, Ağdam da sülh rəmzi kimi bərpa edilsin. Bunun üçün Yaponiya tərəfi bacardığı dəstəyi həyata keçirməyə hazırdır.
- Ümumiyyətlə, hazırda Yaponiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı nə kimi layihələrə cəlb edilib? Həmin ərazilərdə Yaponiya üçün hansı vacib əməkdaşlıq imkanlarının mövcud olduğunu düşünürsünüz?
- Azərbaycan hökuməti Qarabağ bölgəsində yolların və elektrik yarımstansiyalarının tikintisi kimi regional yenidənqurma və inkişaf işləri ilə bərabər, sakinlərin geri qayıtması istiqamətində səyləri davam etdirir. Bu çərçivədə 2021-ci ildə Yaponiyanın TEPSCO şirkəti bu bölgələrdə bərpa olunan enerji və "ağıllı şəhər"lərin tətbiqini nəzərə alan elektrik enerjisi üzrə baş plan hazırlayıb. Yaponiya Azərbaycan hökumətinin regionu “yaşıl enerji zonası” kimi təyin etməsi və “sıfır tullantı” sisteminin tətbiqini hədəfləməsini dəstəkləyir. İqlim dəyişikliyi ilə mübarizədə həmfikir olan Yaponiya və Azərbaycan arasında müxtəlif məlumat mübadiləsi aparmaqla əməkdaşlıq etmək niyyətindəyik.
- Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxışlarından birində deyib ki, Yaponiya şirkətləri təkcə Qarabağ bölgəsində deyil, hazırda Naxçıvan Muxtar Respublikasında da energetika sahəsində müxtəlif layihələr həyata keçirir. Bu layihələrin detalları barədə məlumat almaq istərdik.
- Yaponiyanın TEPSCO şirkəti Naxçıvanda da "yaşıl enerji zonası"nın qurulması planı üzərində işləyir. Bildiyimə görə, zəngin bərpa olunan enerji resurslarından və Yaponiyanın enerjiyə qənaət texnologiyalarının tətbiq ediləcəyi plan hazırlanmaqdadır.
- Bir müddət əvvəl ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ilə görüşmüsünüz. COP29 çərçivəsində Azərbaycanın daha hansı qurumları ilə görüşləriniz olub və nə kimi əməkdaşlıqların icrası gözlənilir? Məsələn, "yaşıl" və bərpa olunan enerji sahəsində Yaponiyanın ölkəmizlə əməkdaşlığı istiqamətində yeniliklər olacaqmı?
- COP29 tədbirinə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə uğurlar arzulayıram və dərin hörmətimi ifadə edirəm. Yaponiya tərəfi mümkün qədər tez bir zamanda “dekarbonizasiya olunmuş cəmiyyət”in həyata keçirilməsi üçün müxtəlif fəaliyyətləri davam etdirmək niyyətindədir. İki ölkə arasında ekoloji sahədə əməkdaşlığı nümayiş etdirən konkret təşəbbüs kimi 2022-ci ilin sentyabrında Yaponiya və Azərbaycan hökumətləri arasında Birgə Kredit Mexanizmi (JCM) yaradılması haqqında razılıq əldə olunub və əməkdaşlıq haqqında memorandum imzalanıb. Bundan sonra Birgə Kredit Mexanizminin təkcə Azərbaycanda qaz emissiyalarının azaldılmasına yönəlmiş tədbirlərin genişlənməsinə deyil, həmçinin Yaponiya şirkətləri tərəfindən "yaşıl" sahədə layihələrin həyata keçirilməsi, investisiya qoyuluşu kimi iki ölkə arasındakı iqtisadi əməkdaşlığın daha da artmasına gətirib çıxaracağına ümid edilir.
- Son olaraq bilmək istərdik ki, yaxın gələcəkdə dövlət rəsmilərinin qarşılıqlı səfərləri gözlənilirmi? Həmçinin COP29-da Yaponiyadan Azərbaycana kimlərin səfər etməsi planlaşdırılır?
- Hazırda bəzi məqamlar nəzərdən keçirilməkdədir və müvafiq nazirlər, digər hökumət rəsmilərinin COP29-da iştirakı planlaşdırılır. Ümid edirəm ki, bu, Yaponiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da dərinləşməsi üçün vəsilə olacaq.
Foto: Vüqar Xanlarov