Səfir: “Pakistan Cammu və Kəşmir məsələsində göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır”
- 27 oktyabr, 2022
- 08:22
“Ərazilərinin işğalı ilə bağlı acı təcrübədən keçən Azərbaycan Pakistanın ağrısını anlayır, Cammu və Kəşmir məsələsinin ədalətli həllinin tapılması ilə bağlı bizimlə həmrəydir”.
“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye “Kəşmirin qara günü” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, hər il oktyabrın 27-də Kəşmir üçün Matəm Günü kimi qeyd olunur.
Pakistanlı diplomat vurğulayıb ki, Hindistan 2019-cu il avqustun 5-də bu ərazilərin xüsusi statusunu ləğv edib: “Belə ki, Hindistan Konstitusiyasının 370 və 35-A maddələrini ləğv olunub. Məhz bu maddələr bölgəyə geniş muxtariyyətə zəmanət verirdi. Bundan sonra Kəşmir xalqının iztirabları daha da artıb”.
Səfir bildirib ki, bu addımlar beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır.
Tədbirin qonaqları Hindistan işğalından əziyyət çəkən kəşmirlilərin fotoşəkillərinin təqdim olunduğu fotosərgi ilə də tanış olublar.