"Biz Azərbaycanla diplomatik, mədəni və iqtisadi əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmaqda maraqlıyıq".
Bunu Ankarada iqamət edən Dominikan Respublikasının Azərbaycan və Türkiyədəki səfiri Elvis Antonio Alam Loranın "Report"un Türkiyə bürosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Dominikan da Azərbaycan kimi zəngin, mədəni müxtəlifliyə malikdir:
"Azərbaycanda Dominikan günlərinin keçiriləcəyi vaxt üçün hələ ki, dəqiq tarix müəyyən edilməyib. Amma buna baxmayaraq deyə bilərəm ki, bu tədbiri 2024-cü ildə reallaşdırmaq üçün çalışırıq. Mən bu fikrin tərəfdarıyam ki, bir ölkənin sərvəti onun mədəni müxtəlifliyidir. Dominikan da Azərbaycan kimi zəngin, mədəni müxtəlifliyə malikdir. Bizim böyük mədəni irsimiz, nəfis yeməklərimiz, gözəl rəqslərimiz var. Ölkəmiz kənd təsərrüfatında, xüsusilə tropik meyvə istehsalı sahəsində mühüm potensiala malikdir. Dünyada bir nömrəli üzvi banan və orqanik kakao istehsalçısı olaraq tanınırıq. Ona görə məhsullarımızla yanaşı mənəvi dəyərlərimizi əks etdirən ünsürləri Azərbaycana gətirmək istəyirik. Biz Azərbaycanla diplomatik, mədəni və iqtisadi əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmaqda maraqlıyıq".