Azərbaycan səfiri Qətərlə əməkdaşlıqdan danışıb

Azərbaycan səfiri Qətərlə əməkdaşlıqdan danışıb "Qətərin dünya çempionatını ən yüksək səviyyədə keçirəcəyinə şübhə yoxdur"
Xarici siyasət
18 Dekabr , 2021 11:09
Azərbaycan səfiri Qətərlə əməkdaşlıqdan danışıb

“Qətərlə Azərbaycan arasında güclü əməkdaşlıq qurulub və hər iki ölkə bütün sahələrdə mövcud əlaqələrin gücləndirilməsi üçün daim səy göstərir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov Qətər İnformasiya Agentliyinə (QNA) müsahibəsində deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan və Qətər arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı baxımından məhsuldar olub: “Bu yaxınlarda Bakıda iki vacib görüş keçirdik. Sentyabrın 7-də ikitərəfli siyasi məsləhətləşmələrin ikinci mərhələsi, oktyabrın 18-də isə Azərbaycan-Qətər müştərək iqtisadi, ticarət və texniki komissiyasının üçüncü iclası baş tutub”.

Diplomat bir ildən sonra Qətərdə dünyanın ən cəlbedici meqapopulyar tədbirlərdən birinin – futbol üzrə dünya çempionatının keçiriləcəyini xatırladıb.

“Pandemiyanın yaratdığı bütün maneələrə baxmayaraq, futbol üzrə dünya çempionatı ilə bağlı infrastruktur layihələrinin icrası əvvəlcədən planlaşdırılan qrafik üzrə davam edir. Şübhəsiz ki, dünya çempionatına hazırlıqla bağlı artıq həyata keçirilmiş və hazırda həyata keçirilən müvafiq genişmiqyaslı hazırlıq işləri təqdirəlayiqdir. Qətərin dünya çempionatını ən yüksək səviyyədə keçirəcəyinə şübhə yoxdur”, - Azərbaycan səfiri söyləyib.

Son xəbərlər

Orphus sistemi