​Səfir: "Biz fəxr edirik ki, Minskdə igid Azərbaycan tankçısının adını daşıyan küçə var"

​Səfir: "Biz fəxr edirik ki, Minskdə igid Azərbaycan tankçısının adını daşıyan küçə var" "Böyük Vətən Müharibəsi illəri sovet tarixində çətin dövr və eyni zamanda qəhrəmanlıq dövrü olub"
Xarici siyasət
8 May , 2016 18:15
​Səfir: Biz fəxr edirik ki, Minskdə igid Azərbaycan tankçısının adını daşıyan küçə var

Bakı. 8 may. REPORT.AZ/ Böyük Vətən Müharibəsi illəri sovet tarixində çətin dövr və eyni zamanda qəhrəmanlıq dövrü olub.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bu sözləri mayın 7-də Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsinə həsr edilmiş anım mitinqində Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə söyləyib.

"Mayın 9-da Böyük Qələbənin növbəti ildönümü qeyd ediləcək. Müharibə illəri Sovet tarixində ən çətin dövr, amma eyni zamanda qəhrəmanlıq dövrü olub. Müharibənin nə demək olduğunu şəxsi təcrübəmdən bilirəm, çünki Əfqanıstanda döyüş əməliyyatlarının iştirakçısı olmuşam", - deyə diplomat qeyd edib.

O hazırda Minsk küçələrindən birinin Nəcəfqulu Rəfiyevin adını daşıdığını bildirib:

“Böyük Vətən müharibəsi illərində Qələbəyə gedən yol uzun və çətin idi. Bütün başqa xalqlarla bərabər, Azərbaycan xalqı da çətin sınaqlara sinə gərib. Həmin dövrdə SSRİ-də cəbhəyə göndərilmək üçün istehsal edilən neftin və neft məhsullarının ümumi həcminin 80 faizdən çoxu Azərbaycanda istehsal edilirdi. Döyüş əməliyyatlarında təxminən 600 min azərbaycanlı iştirak edib, onlardan təxminən 300 min nəfəri Sovet İttifaqının və Avropa ölkələrinin faşist işğalçılarından azad edilməsi uğrunda canından keçib".

İ.Vahabzadə ön cəbhədə göstərilən igidlik və arxa cəbhədəki fədakar əməyin dövlət tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

"Respublikanın sənaye və kənd təsərrüfatı müəssisələrinin on minlərlə işçisi orden və medallarla təltif edilib. Azərbaycanın 170 mindən çox döyüşçüsünün göstərdiyi rəşadət və igidlik təltiflərlə qeyd olunub, onlardan 128-i Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb. Bu qəhrəmanlardan biri də Belarusun azad edilməsi uğrunda döyüşlərdə fərqlənmiş Nəcəfqulu Rəfiyev olub. Tank tağımının komandiri Nəcəfqulu Rəfiyev hücum zamanı tağımın fəaliyyətini məharətlə təşkil edib. Bu gün biz fəxr edirik ki, Minskdə Sovet İttifaqı Qəhrəmanı, igid Azərbaycan tankçısı Nəcəfqulu Rəfiyevin adını daşıyan, onun xatirə lövhəsi vurulmuş bir küçə var. Bunun qismət və ya təsadüf olduğunu bilmirəm, amma Belarusun Bakıdakı səfirliyi də məhz Nəcəfqulu Rəfiyevin adını daşıyan küçədə yerləşir”, - deyə o əlavə edib.

Azərbaycanın diplomatik nümayəndəliyinin başçısı veteranları, onların doğmalarını və yaxınlarını qarşıdan gələn bayram münasibətilə təbrik edib, Belarus və Azərbaycan xalqlarına firavanlıq, mədəni irsin qorunub saxlanmasını və daha da artırılmasını arzulayıb.

Anım mitinqində Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, “Qobustan” Azərbaycan cəmiyyətinin sədri Baxşı Qəmbərov və başqaları çıxış ediblər. 

Son xəbərlər

Orphus sistemi