Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın Cənubi Qafqazda Ukrayna üçün əsas tərəfdaş kimi əhəmiyyəti artır.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bu ölkənin Müstəqillik Günü və Ukrayna dövlətçiliyinin 100 illiyi münasibətilə Bakıda keçirilən qəbuldakı çıxışında bildirib.
Səfir xatırladıb ki, Azərbaycan və Ukrayna birgə bir sıra layihələr həyata keçirir.
O, çıxışında Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində Azərbaycanın dəyişməz mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzü nəticəsində insanlar, o cümlədən dinc sakinlər həlak olur.
Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov öz növbəsində ukraynalıları müstəqilliklərinin 27-ci ildönümü münasibətilə təbrik edərək, Azərbaycanla Ukraynanın bir-birilərinin suverenliklərinə və ərazi bütövlüklərinə qarşılıqlı dəstəyini qeyd edib. O, Ukrayna-Azərbaycan əməkdaşlığının gələcəkdə də inkişaf edəcəyinə əmin olduğunu bildirib.