"Avropa Şurası Azərbaycanın azad olunmuş ərazilərilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etməyə hazırdır".
Bunu “Report”a Avropa Şurasının Azərbaycandakı nümayəndəsi, səfir Zoltan Hernyes bildirib.
“Avropa Şurası Azərbaycanın azad olunmuş torpaqlarında işğal dövründə ziyan çəkmiş ətraf mühitin mühafizəsi kimi sahələrdə inkişaf işlərinə dəstək verməyə hazırdır” – deyən səfir bütün bu məsələlərin ölkənin bütöv inkişaf planlarına uyğun olması üçün hökumətlə razılaşdırılacağını da qeyd edib.
Bununla yanaşı, azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin Avropa Şurasının birbaşa səlahiyyətli olmadığı təhlükəsizlik məsələlərini də ehtiva etdiyini deyən diplomat mina probleminin yaratdığı fəsadları aradan qaldırmağa yardım göstərməyə hazır olduqlarını vurğulayıb.
Həmçinin regionda etimadı artırma və sülhyaratma tədbirləri sahəsində də Avropa Şurasının təcrübəsini bölüşməyə hazır olduğu diqqətə çatdırılıb. O, Cənubi Qafqazda əməkdaşlıq məsələlərini Şərq Tərəfdaşlığı çərçivəsində gördüklərini qeyd edib: “Bu, bütün iştirakçı ölkələrlə, o cümlədən Azərbaycan və Ermənistanla eyni dərəcədə çalışmaq imkanı yaradan xüsusi bir formatdır”.