Bakı. 14 sentyabr. REPORT.AZ/ "Azərbaycanın çox çətin günləri olub və bu gün, Allaha şükür, o, müstəqil və çiçəklənən ölkədir".
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Ercan Özoral Milli Tarix Muzeyində Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunan sərginin açılışında deyib.
Onun sözlərinə görə, 100 il əvvəl baş verən hadisələr Türkiyə və Azərbaycanın yaxınlığını və qardaşlığını sübut edir: "Bu, bizi bu günə, sabaha hazırlayan məqamdır. Biz iki dövlət, bir millətik".
Azərbaycan Milli Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı isə bildirib ki, düz 100 il əvvəl Azərbaycan və Türkiyənin qəhrəman oğulları çiyin-çiyinə Bakını azad edən zaman xalqların qardaşlıq və birliyinin nə dərəcədə güclü olduğunu sübut ediblər.
"Türk xalqlarının dostluq və qardaşlığı bizə əsrlərdən bəri qalan mirasdır. Türkün dostu yalnız türk ola bilər və 1918-ci ildə ümumi düşmənə qarşı birləşməklə bunu sübut etdik", - o vurğulayıb.
Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğaldan azad edib. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cumhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.