"Azərbaycan və İsveçrə arasında ikitərəfli iqtisadi münasibətlər yaxşı səviyyədədir və şübhəsiz ki, gələcək inkişaf üçün potensiala malikdir".
Bu barədə “Report”a İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyindən (SECO) bildirilib.
“Ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlıq üzrə birgə komissiya iqtisadi münasibətlərin inkişaf yollarının müzakirəsi üçün vacib platformadır. 2019-cu ildə Bern şəhərində (İsveçrə) keçirilmiş son iclasdan sonra komissiyanın 2022-ci ildə Bakıda yenidən bir araya gələcəyəinə ümid edirik.
COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə Azərbaycan və İsveçrə arasında ümumi ticarət göstəriciləri 2019-cu ilə nisbətən aşağı düşüb. Peyvəndləmə səbəbindən məhdudiyyətlərin tədricən yumşaldılması ilə ticarət göstəricilərinin yenidən artacağına əminik. Beynəlxalq əməkdaşlığa gəlincə, tezliklə İsveçrənin yeni regional proqramı olan “Cənubi Qafqaz 2022-2025” dərc ediləcək. Cari öhdəliklərə uyğun olaraq, makroiqtisadi sabitlik və münbit işgüzar mühit əməkdaşlığın təməl rolunu oynayacaq. Bundan əlavə, İsveçrə bundan sonra da qadınların iqtisadi hüquqlarının və imkanlarının genişləndirilməsinə dəstək, iqlim dəyişikliyi və mədəniyyət kimi digər sahələrdə iştirakını davam etdirməyi planlaşdırır”, - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, Azərbaycan və İsveçrə arasında ikitərəfli münasibətlər yaxşı səviyyədə və geniş əhatəyə malikdir: "Bundan əlavə, bu təkcə siyasi, iqtisadi, elmi və mədəni münasibətlərlə məhdudlaşmır, həmçinin insanlar arasında əlaqələri də əhatə edir. Məsələn, COVID-19 pandemiyası ilə bağlı səfər məhdudiyyətlərinə baxmayaraq, onlarla isveçrəli futbol azərkeşi ölkə yığmasının Avropa çempionatı çərçivəsində keçirilən oyunlarını izləmək üçün 2021-ci ilin iyun ayında Bakıya səfər edib. Bununla yanaşı getdikcə daha çox azərbaycanlı turizm və işgüzar məqsədlərlə yenidən İsveçrəyə səfər edir".