Say Samal: Kamboca yaxın gələcəkdə qeyri-formal yaşayış yerlərinə və gecəqondulara son qoyacaq

Xarici siyasət
  • 18 may, 2026
  • 17:01
Say Samal: Kamboca yaxın gələcəkdə qeyri-formal yaşayış yerlərinə və gecəqondulara son qoyacaq

Kamboca yaxın gələcəkdə qeyri-formal yaşayış yerlərinə və gecəqondulara son qoyacaq.

"Report" xəbər verir ki, bunu Kamboca Baş nazirinin müavini Say Samal Bakıda keçirilən WUF13 çərçivəsində baş tutan Liderlər Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Kambocada milli barışıq əldə ediləndən sonra sabitlik yaranmağa başladı:

"Son onillikdə Kamboca orta gəlirli ölkələr sırasına daxil olmağa başlayıb. Bu bizim üçün yeni imkanlar açır. Biz iqtisadiyyatımızı şaxələndirir, bacarıqlı işçi heyəti yaradırıq. Rəqəmsal infrastruktura investisiya edir, tullantıların idarəedilməsini, ictimai nəqliyyatı yaxşılaşdırırıq. İnklüziv ipoteka mexanizmləri yaradırıq. Yaxın gələcəkdə qeyri-formal yaşayış yerlərinə və gecəqondulara son qoyacağıq. Narkotik vasitələrlə də mübarizə aparırıq".

Say Samal sonda forumun təşkili və dəvətə görə Azərbaycan hökumətinə və BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) minnətdarlığını bildirib.

Kamboca rəsmisi həmçinin vurğulayıb ki, ölkəsinin istixana qazlarının emissiyalarında payı az olsa da, iqlim dəyişmələri ilə mübarizəyə töhfəsini əsirgəmir:

"Kamboca Asiyada ilk ölkə olub ki, 2050-ci il üçün karbon neytrallığı üzrə strategiyanı təsdiq edib. Biz milli səviyyədə də töhfələr sənədini yeniləmişik. Bərpa olunan enerjiyə diqqətimizi artırmışıq. Yeni Kambocanın ümidverici gələcəyinə baxırıq".