İslamofobiya ilə mübarizəyə həsr olunan konfransın Bakıda keçirilməsi ölkənin bu problemə ciddi münasibətini və problemin qlobal səviyyəyə qaldırılmasının zəruriliyini göstərir.
Bu barədə "Report"a açıqlamasında Uels Triniti-Sent-Devid Universitetinin əməkdaşı Mohammed Sadek Hamid deyib.
“Əksər ölkələrdə, xüsusilə Qərbi Avropa və ABŞ-də bəzi bəyanatlar, kommünikelər və siyasi söhbətlər istisna olmaqla, islamofobiya problemi çox vaxt ciddi qəbul edilmir. Bizə lazım olan islamofobiya əleyhinə siyasətləri real dünyaya gətirməkdir. Əks halda, bunlar sadəcə kağız üzərindəki sözlər və ya piar bəyanatlarıdır”, - o bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən beynəlxalq konfrans potensial olaraq dövlətlərarası səviyyədə islamofobiya ilə mübarizəyə təkan verə bilər: “Konfrans digər ölkələri də oxşar təşəbbüslərlə çıxış etməyə, digər çağırışlarla yanaşı islamafobiya problemini də qlobal səviyyəyə çatdıra bilər. Bu, doğrudan da qlobal problemdir, çünki müsəlmanlar dünya əhalisinin 25 faizdən çoxunu təşkil edir”.