"Prezident İlham Əliyev bu gün dünyanın ən böyük siyasətçilərindən, müasir dünyanın aparıcı siyasi xadimlərindən biridir".
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
O deyib ki, Prezident İlham Əliyevin siyasi, hərbi və diplomatik istedadı sayəsində Azərbaycan nəinki qaçılmaz olan müharibəyə hazırlaşa, həm də Ermənistanın təcavüzkar planlarını qısa zamanda dəf etdi.
"Azərbaycan xalqının Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rolunu xüsusilə vurğulamaq istəyirəm. O, bu gün dünyanın ən böyük siyasətçilərindən, müasir dünyanın aparıcı simalarından biridir. Onun sayəsində Azərbaycan öz nüfuzunu gücləndirir, iqtisadiyyatı inkişaf etdirir və daha gözəl gələcək qurur. Məhz İlham Əliyevin siyasi, hərbi və diplomatik istedadı sayəsində Azərbaycan nəinki qaçılmaz olan müharibəyə hazırlaşa, həm də Ermənistanın təcavüzkar planlarını qısa zamanda dəf edə bildi. Bu gün Azərbaycan öz Prezidenti sayəsində diplomatik sahədə uğurlara imza atır”, - ekspert vurğulayıb.
İ.Korotçenko Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən danışaraq qeyd edib ki, təbii ki, bu, əlamətdar və ümummilli bayramdır, belə ki, bu, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyulması deməkdir: "Bu, parlaq hərbi-siyasi qələbədir, müasir Azərbaycanın və onun Prezidenti İlham Əliyevin qələbəsidir. Biz iki il əvvəl baş vermiş hadisələri xatırlayırıq, o zaman Azərbaycan ermənilərin genişmiqyaslı təxribatına "Dəmir yumruq" əks-hücum əməliyyatı ilə cavab verdi. Bu, yaxşı planlaşdırılmış, effektiv və müasir hərb sənətinin bütün qanunlarına cavab verən əməliyyat nəticəsində düşmən cəmi 44 günə darmadağın edildi, rəsmi İrəvan isə kapulitulyasiya aktı imzalamağa, bununla da mənasız müqavimətə son qoymağa məcbur oldu”.
Hərbi ekspertin sözlərinə görə, bu müharibədə iştirak edən və Azərbaycanın bu və ya digər güc nazirliklərini, idarələrini, xüsusi xidmət orqanlarını təmsil edən Azərbaycan silahlı qüvvələrinin bütün növləri, müxtəlif xüsusi təyinatlı dəstələri özlərini yaxşı tərəfdən göstərə bildilər.
"Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsi uğrunda Azərbaycan xüsusi təyinatlılarının həyata keçirdiyi ildırımsürətli Şuşa əməliyyatı isə əsl triumf idi. Bu şəhərin azad edilməsi uğrunda əməliyyat müasir hərb sənəti tarixinə düşüb", - baş redaktor bildirib.