Bakı. 15 may. REPORT.AZ/ Rusiyanın Solikamsk şəhərində ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş beynəlxalq Cüdo yarışı keçirilib.
“Report” xəbər verir ki, sözügedən yarışda yüzlərlə azərbaycanlı iştirak edib.
Tədbirdə Solikamsk şəhərinin millət vəkilləri, Solikamskda Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev, Azərbaycan-Türkiyə Evinin icraçı direktoru (ATEV) Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili, Azərbaycan Mədəniyyəti və İnkişafının Fondunun sədri Şamil Tağıyev çıxış edib.
Yarış iştirakçıları çıxışında ulu öndər Heydər Əliyevin həyat fəaliyyətindən söz açaraq, onun Azərbaycan naminə həyata keçirdiyi siyasətindən danışıblar.
Şəhər deputatları Rusiya-Azərbaycan münasibətlərinin inkişaf edən xətt üzrə istiqamət almasında Heydər Əliyevin böyük rolu olduğunu bildirib.
Yarışın təşkilatçısı Uğur Əfəndiyev çıxışında bildirib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır: "Bu gün Azərbaycan bütün dünyada öz idmanı ilə və idmana göstərdiyi maraqla tanınır. Bu, Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Azərbaycanda idmana yaratdığı maraqdan sonra daha da inkişaf etməyə başladı. Bu gün də Cənab İlham Əliyev tərəfindən idman siyasəti uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycan diasporu sahəsində inkişaflar, irəliləyişlər də müşahidə olunur".
Yarışda çıxış edən Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili bildirib ki, ulu öndərin həyata keçirdiyi siyasət bu gün də Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycanda ilk dəfə idmana xüsusi maraq ulu öndər Heydər Əliyevin prezidentlik dövründə yaranmağa başladı. O maraq bu gün də Cənab İlham Əliyev tərəfindən idman sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində gündən-günə artmağa başlayır. Ulu öndər sağlığında idmana böyük qayğı göstərdiyini demək olar ki, bir çox çıxışlarında bildirib. Heydər Əliyev çıxışlarının birində uzaqgörənliklə “İdman, eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir” deyərkən məhz idmanın aid olduğu xalqa nə qədər müsbət təsir göstərəcəyini deyirdi".
Sonda Azərbaycan-Türkiyə Evi (ATEV) və Azərbaycan Diasporu İnformasiya Mərkəzi adından Solikamsk şəhər Cüdo Fedarasiyasının prezidenti Y.V.Sidirova Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo yarışının yüksək səviyyədə təşkili və Solikamskda Azərbaycan diasporuna verdiyi dəstəyə görə təşəkkür plaketi təqdim edilib.
Cüdo yarışına Rusiya, Qazaxıstan, Ukrayna, Azərbaycan, Tacikistan, Özbəkistan və Qırğızıstandan idmançılar qatılıb. Yarışın təşkilatçısı Solikamskda Azərbaycan Cəmiyyətinin sədri Uğur Əfəndiyev, Solikamsk şəhər rəhbərliyi, Gənclər və idman Departamentidir və Solikamsk şəhər Cüdo Federasiyasıdır. Turnir Azərbaycan Diasporu İnformasiya Mərkəzinin dəstəyi ilə keçirilib.