Yuxarı

Rumıniya XİN rəhbəri: "Azərbaycan Avropada enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır" - MÜSAHİBƏ

Rumıniya Azərbaycanla iqtisadi əməkdaşlığının dərinləşməsində maraqlıdır

Bakı. 30 yanvar. REPORT.AZ/ Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunun "Report"a müsahibəsi.

- Cənab Auresku, Siz hazırda Azərbaycan və Rumıniya arasındakı əlaqələri necə qiymətləndirirsiz? Bu əlaqələrin daha da dərinləşməsi üçün nələrin edilməsini vacib sayırsınız?

- Rumıniya və Azərbaycan arasındakı siyasi əlaqələr 2009-cu ildə yüksək səviyyədə təməli qoyulan strateji tərəfdaşlıq əsasında inkişaf edir və hazırda əla səviyyədədir. Ölkələrimiz 2011-ci ildə imzaladıqları strateji əməkdaşlıq Planına daxil edilən müddəaları uğurla yerinə yetirirlər. İkitərəfli siyasi dialoq, iqtisadi əməkdaşlıq və mədəni əlaqələr dinamik surətdə inkişaf edir. Azərbaycanın açıqladığı statistik göstəricilərə əsasən, 2014-cü ildə Runıniyadan Azərbaycana ixrac olunan malların həcmi xeyli artaraq, 55,85 mln.dollar məbləğinə çatıb. Bu göstərici Azərbaycanın öz müstəqilliyini əldə etdikdən sonra ölkələrimizin ticarət əlaqələrində müşahidə olunan ən yüksək göstəricidir. Rumıniya substansional layihələrin həyata keçirilməsi yolu ilə Azərbaycanla iqtisadi əməkdaşlığının dərinləşməsində maraqlıdır. Bu əlaqələr siyasi münasibətlərin hazırkı vəziyyətinə çatdırılmalıdır. Ötən il Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanları vasitəsilə ölkələrimiz arasında bərə əlaqəsi bərpa edilib. Bərə əlaqəsi vacib strateji əhəmiyyətə malik olan Qara dəniz - Xəzər dənizi nəqliyyat dəhlizinin açılmasına yardım edə bilər. Bu nəqliyyat dəhlizi bizim əməkdaşlığımız üçün yeni imkanlar aça bilər. Belə ki, Orta Asiyadan və Qafqazdan əmtəə malları birbaşa Avropa bazarına, onun lap mərkəzinə çatdırıla bilər. Bu baxımdan geniş imkanlardan istifadə oluna bilər, o cümlədən, bərə nəqliyyatı vasitəsilə yüklərin Xəzər dənizindən Ələt limanına çatdırılması və Azərbaycanın, həmçinin Gürcüstanın dəmir yolu potensialından da bu məqsədlə istifadə olunmasını qeyd etmək olar. Gələcəkdə yüklərin çatdırılmasında Dunay çayından da istifədə olunması məqsədəuyğun olar.

- "Nabucco" layihəsinin uğur qazana bilməməsindən sonra TANAP və AGRİ kimi layihələr Azərbaycan enerji ehtiyatlarının Avropa bazarına nəqli üçün alternativ hesab olunur. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu necə dəyərləndirirsiniz?

- Azərbaycan Avropada enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Rumıniya hər zaman Azərbaycan qazının Avropaya Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan (AGRİ) xətti üzrə nəqlini dəstəkləyib. Bu marşrut Xəzər dənizindəki enerji yataqları və Avropa bazarı arasındakı ən yaxın yol ola bilər. Bu ilin birinci yarısında layihənin texniki-iqtisadi əsaslandırılmasının qiymətləndirilməsi əlimizdə olduqdan sonra biz AGRI LNG-nin Direktorlar Şurasının layihənin həyata keçirilməsi istiqamətində yeni addımlarını gözləyirik.

- Bu yaxınlarda Rumıniyanın Azərbaycandakı səfirliyi yenidən NATO-nun Azərbaycandakı fəaliyyətinin koordinator-səfirliyi təyin edilib. Bu qərara siz necə şərh verə bilərsiniz və Rumıniya Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılmasında necə yardımçı ola bilər?

- Rumıniya səfirliyinin NATO-nun Azərbaycandakı fəaliyyətinin koordinator-səfirliyi qismindəki mandatının daha 2 il uzadılması, bizim vəzifələrimizi müvəfəqiyyətlə həyata keçirdiyimizi deməyə əsas verir. Bizim üçün bu həm də bizə olan inamın göstəricisidir və ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Dördüncü mandatın tərəfimizdən qəbul olunması bizim Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istəyimizdən irəli gəlir. Rumıniya tərəfdaş ölkələrə Avroatlantik Alyansa inteqrasiya olunması üçün təcrübə mübadiləsində, NATO standartlarına uyğun olaraq ölkələrin təhlükəsizliyi sahəsində aparılması vacib olan islahatların həyata keçirilməsində hərtərəfli bilgilərin verilməsində yardımçı ola bilər. Fikrimizcə, NATO və Azərbaycan arasındakı əlaqələr strateji dəyər kəsb edir və Rumıniya inanır ki, gələcəkdə bu əməkdaşlıq daha da möhkəmlənəcək.

- Rumıniyanın Avropa İttifaqına üzvlüyü hansı müsbət dəyişiklikləri gətirib? Sizin ölkəniz Aİ və Azərbaycan arasında bir körpü rolunu oynaya bilərmi?

- Rumıniyanın Avropa İttifaqına üzvlüyü hər iki tərəfə yetərincə dividendlər gətirib. Hazırlıq prosesi islahatların həyata keçirilməsində xeyli irəliləyişə səbəb oldu. Rumıniya əvvəllər də olduğu kimi, Azərbaycanın Aİ ilə əlaqələrinin dərinləşməsinin tərəfdarıdır. Azərbaycanın - Avropa İttifaqı əməkdaşlığı birgə layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradır. Rumıniya ölkənizin Avropanın enerji təhlükəsizliyinə verə biləcək töhfəsini nəzərə almaqla, Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır.

- Dağlıq Qarabağ münaqişəsinin həllində Rumıniyanın hansı rolu ola bilər?

- Regionda davam edən konfliktlər üzrə Rumıniyanın prinsipial mövqeyi var. Rumıniya bundan sonra da konfliktin beynəlxalq hüquq və normalara uyğun, tərəflərin maraqları çərçivəsində, ərazi bütövlüyünün və suverenliyin qorunması şərtilə, sülh yolu ilə həll olunmasına yönələn səyləri dəstəkləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi