Robinson: Mənzil və təhlükəsizlik məsələləri böhran regionlarının sakinləri üçün əsas olaraq qalır

Xarici siyasət
  • 22 may, 2026
  • 11:58
Robinson: Mənzil və təhlükəsizlik məsələləri böhran regionlarının sakinləri üçün əsas olaraq qalır

Humanitar təşkilatlar əhalinin təkrar yerdəyişməsi risklərini və öz qərarlarının uzunmüddətli nəticələrini böhranın hələ ilkin mərhələlərində nəzərə almalıdırlar.

"Report" xəbər verir ki, bu barədə Mənzil Tikintisi, Torpaq İstifadəsi və Daşınmaz Əmlak sahəsində Qlobal Məsuliyyət Zonasının (HLP AoR) həmkoordinatoru Cim Robinson Bakıda keçirilən WUF13 çərçivəsində bildirib.

Onun sözlərinə görə, böhran bölgələrinin sakinləri humanitar yardımı, bərpanı və inkişafı ayrı-ayrı mərhələlər kimi qəbul etmirlər, çünki onlar üçün mənzil, təhlükəsizlik və gələcək məsələləri əsas olaraq qalır.

"Böhranın elə əvvəlindən uzunmüddətli perspektiv haqqında düşünmək lazımdır", - deyə Robinson vurğulayıb.

O qeyd edib ki, mümkün nəticələri nəzərə almadan mənzil və sığınacaqların təmin edilməsi insanları daha həssas edə və mülkiyyət, eləcə də əhalinin qayıdışı ətrafında yeni münaqişələr yarada bilər.

"Əgər biz insanları müəyyən şəkildə mənzillə təmin ediriksə, bunun hansı nəzərdə tutulmayan nəticələrə səbəb ola biləcəyini anlamaq lazımdır", - deyə ekspert bildirib.

Robinson həmçinin humanitar təşkilatların yerli hakimiyyət orqanları, bələdiyyələr və icmalarla daha sıx qarşılıqlı fəaliyyətinin zəruriliyinə diqqət çəkib.

Ekspert vurğulayıb ki, bərpa proseslərində əmlak hüquqlarının qorunması, mübahisələrin həlli və ədalət mühakiməsinə çıxış məsələləri də mühüm rol oynayır.