Qubernator: "Misirin Cənubi Sinay əyalətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək"

Qubernator: "Misirin Cənubi Sinay əyalətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək" Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Şarm əş-Şeyxə səfərə dəvət edilib
Xarici siyasət
31 Mart , 2016 16:34
Qubernator: Misirin Cənubi Sinay əyalətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Şarm əş-Şeyx. 31 mart. REPORT.AZ/ "Azərbaycan və Misir arasında sıx dostluq münasibətləri mövcuddur. Bu əlaqələrin daha da inkişaf etməsini arzulayıram".

"Report" xəbər verir ki, bunu Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fuda azərbaycanlı jurnalistlərlə görüşdə deyib.

O, Azərbaycana səfəri zamanı Qəbələ və Şarm əş-Şeyx şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında saziş imzalandığını xatırladıb.

Qubernator həmçinin bildirib ki, yaxın gələcəkdə Misirdən Azərbaycana nümayəndə heyəti səfər edəcək: "Onlar regionun turizm potensialını nümayiş etdirəcəklər. Mən həm də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevi Şarm əş-Şeyxə dəvət etmişəm. Ümid edirəm ki, o, dəvətimi qəbul edəcək".

İl ərzində neçə azərbaycanlının Şarm əş-Şeyxə səfər etməsiylə bağlı sualı cavablandıran X.Fuda kurort bölgəyə ildə 7 minə yaxın həmyerlimizin gəldiyini söyləyib: "Birbaşa reysin açılışı bu sayın artmasına gətirib çıxara bilər. Qeyd etməliyəm ki, Tbilisi - Şarm əş-Şeyx reysinin sərnişinlərinin əksəriyyəti gürcüstanlılar yox, azərbaycanlılardır".

X.Fuda Rusiya təyyarəsinin qəzaya uğramasından sonra Şarm əş-Şeyxdə təhlükəsizliyin təmin edilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, şəhərdə tam təhlükəsizlik təmin edilib: "Sizi əmin edirəm ki, Rusiya, Almaniya və Böyük Britaniyanın təhlükəsizliyin təmin edilməsi barədə bizə verdiyi tövsiyələrə tam əməl olunur. Bu tövsiyələr əsasən əlavə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsiylə bağlı idi".

"2005-ci ildən bəri Şarm əş-Şeyxdə heç bir terror aktı törədilməmişdi. Üstəlik, şəhərdə müxtəlif səviyyəli tədbirlər keçirilib və gələcəkdə də keçirilməsi planlaşdırılır. Bu, xarici ölkələrə bir mesajdır. Qoy şəhərdə təhlükəsizliyin tam təmin olunduğunu görsünlər. Artıq top sakinlərini Şarm əş-Şeyxə getməyə imkan verməyən ölkələrdədir", - deyə əyalət qubernatoru sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi