Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovu və xanımı Ayqul Japarovanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə yola düşüb.
Bu barədə “Report” Qırğız Respublikası Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Səfər çərçivəsində S.Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məclisin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq, işgüzar dairələr nümayəndələri ilə görüş keçirəcək. Danışıqlarda iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və sair sahələrdə iki və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
Qırğız Respublikasının nümayəndə heyətinə xarici işlər naziri Ruslan Kazakbayev, Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Jeyenbek Qulubayev, kənd təsərrüfatı naziri Əsgərbek Canıbekov, rəqəmli inkişaf naziri Talantbek İmanov, nəqliyyat və rabitə naziri Erkinbek Osoyev, iqtisadiyyat naziri Daniyar Amangəldiyev daxildir.