Qərb KİV-lərinin qərəzli mövqeyinin ifşası: Prezidentin müsahibəsi trendə çevrilib

Qərb KİV-lərinin qərəzli mövqeyinin ifşası: Prezidentin müsahibəsi trendə çevrilib Azərbaycan prezidentinin 2020-ci ilin noyabrında baş tutmuş müsahibəsi Qərbin aparıcı mətbuat orqanlarına qarşı artmaqda olan nifrət fonunda yenidən yayılmağa başlayıb
Xarici siyasət
161
7 May , 2021 17:52
Qərb KİV-lərinin qərəzli mövqeyinin ifşası: Prezidentin müsahibəsi trendə çevrilib

Hindistan ağır koronavirus böhranı ilə mübarizə apardığı bir vaxtda Qərb mediası onun üzərinə “quzğun” kimi hücum edib, ölkədə az qala bütün dəfn mərasimlərini lentə alaraq öz auditoriyalarına göstərməyə çalışıb. Daha çox baxış əldə etməyə çalışan bu KİV-lər ölkənin üzləşdiyi bədbəxtlikdən gəlir əldə etməyə çalışırlar.

Bu gün Qərb KİV-ləri Hindistanda koronavirusla bağlı vəziyyəti təsvir etmək üçün bəzən köhnə, saxta fotolardan da istifadə edir. Bu isə təbii olaraq, hindistanlıların nifrətinə səbəb olur.

“Report” xəbər verir ki, bu fikirlər Hindistanın Opindia.com xəbər saytında dərc olunmuş məqalədə bildirilir.

“Bütün bunların fonunda köhnə bir video trendə çevrilməkdədir. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin BBC-nin müxbirinə müsahibəsindən gedir. Hələ 2020-ci ilin noyabrında götürülmüş müsahibədə müxbir İlham Əliyevə Azərbaycanda mətbuat azadlığı ilə bağlı sual ünvanlayaraq guya onu çətin vəziyyətə salmağa çalışır. Azərbaycanın dövlət başçısı isə nəinki müdafiə olunmağa ehtiyac görmür, əksinə, “hücuma keçərək” müxbirə birbaşa sual verir: “Siz hesab edirsiniz ki, insanların bu hüquqları yoxdur? Siz nəyə əsasən Azərbaycanda azad medianın, müxalifətin olmadığını düşünürsünüz?”, – müəllif qeyd edir.

BBC-nin jurnalisti cavabında iddia edir ki, guya Azərbaycanda müstəqil medianın olmadığı haqqında məlumatları müstəqil mənbələrdən alıb. Azərbaycan Prezidenti isə müxbirdən həmin müstəqil mənbələrin adlarını çəkməsini tələb edir. Müxbir bundan imtina etdikdə İlham Əliyev soyuqqanlı şəkildə cavab verir: “Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz hekayə uydurursunuz”.

“Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim feysbukda milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?”, - Azərbaycan Prezidenti əks sualı verir.

Beləliklə, Azərbaycan Prezidenti Ekvadorun Londondakı səfirliyində iki il qalmış və hazırda Böyük Britaniyada həbsxanada olan Culian Assanjın “Wikileaks”ə görə haqsız həbs edildiyini qabardır.

“Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev digər ölkələrdəki təməl azadlıqlara şübhə ilə yanaşan, Böyük Britaniyanın vergi ödəyiciləri hesabına maliyyələşən BBC-nin riyakarlığını ifşa edib”, - müəllif yazır.

Müəllif vurğulayıb ki, BMT-nin xüsusi məruzəçisi Nils Melzer Culian Assanjı Böyük Britaniya və ABŞ hökumətlərinin haqsızlığının, işgəncə və siyasi təqiblərinin qurbanı sayır: “Deməli, Assanj kimi jurnalistlərin təqibinə göz yuman, hətta bunu dəstəkləyən Qərbin nəinki Azərbaycanı, ümumiyyətlə, heç bir ölkəni tənqid etməyə mənəvi haqqı yoxdur”.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidentinin 2020-ci ilin noyabrında baş tutmuş müsahibəsi “Qərbin aparıcı mətbuat orqanlarına qarşı artmaqda olan nifrət fonunda yenidən yayılmağa başlayıb”.

Son xəbərlər

Orphus sistemi