"Sözsüz ki, bizim qaz strategiyamız çox aydın və açıq olub".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
"Biz uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün Azərbaycanda çox iş gördük, tərəfdaşlarla birgə işlədik. Bu, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və əlbəttə ki, çox bahalı layihədir. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl biz artıq istehlakçılarla müqavilələr imzalamışdıq. Bizim qazımız müqavilə əsasında alındı və qiymətlə bağlı, belə deyək, qaz böhranı zamanı bizim istehlakçılar heç bir dəyişiklik hiss etmədilər.
Gələcək planlarımız barədə danışırıqsa, sözsüz ki, hasilatı artırmaq, ixracı artırmaq imkanı var. Lakin bu, sözsüz ki, avropalı istehlakçıların tələbindən asılı olacaq. Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi. Biz Cənub Qaz Dəhlizinin Məşvərət Şurasını mütəmadi olaraq Bakıda Avropa İttifaqının nümayəndələri və Azərbaycanın sədrliyi ilə bir araya gətiririk. Növbəti sessiya gələn ilin fevralında keçiriləcək, orada biz bütün məsələlərlə məşğul olacağıq və gələcək addımlarımızı planlaşdıracağıq. Bu, şirkətlərin, bankların və ölkələrin böyük bir qrupudur. İndi komanda böyüyür, çünki biz artıq Avropanın təchizatçısı olmuşuq. Yanvarın 1-dən başlayaraq biz İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz etmişik. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq. Beləliklə, bu, ciddi artımdır. Lakin hasilatı artırmaq üçün biz, əlbəttə ki, investisiya yatırmalıyıq və bunu etmək üçün bizim istehlakçılarla müqavilələrimiz olmalıdır. Beləliklə, birincisi müqavilələr, ikincisi investisiya və üçüncüsü qaz. Prosesin mərhələlərinin ardıcıllığı belədir. Lakin biz hazırıq, sizin qeyd etdiyiniz kimi, nəhəng yataqlarımız var, tam yeni, müasir infrastrukturumuz var, Avropanın digər yerlərinə də bağlayıcıların çəkilməsi mümkündür. Siz Balkanları qeyd etdiniz və mən Mərkəzi Avropanı əlavə edərdim. Bu, bizim üçün təchizatın şaxələndirilməsi və istehlakçılar üçün şaxələndirmə olacaq", - Prezident bildirib.