Azərbaycan Prezidenti İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib - YENİLƏNİB Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici siyasət
16 Yanvar , 2019 14:25
Azərbaycan Prezidenti İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib - YENİLƏNİB

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirib.

İki ölkə arasında siyasi əlaqələrin bu gün ən yüksək pilləyə qalxdığını deyən Prezident İlham Əliyev son illər ərzində prezidentlər səviyyəsində 10-dan çox görüşün keçirilməsinin münasibətlərin inkişafında xüsusi rolunu qeyd edib. Dövlət başçısı digər səviyyədə qarşılıqlı səfərlərin də əlaqələrin genişləndirilməsi baxımından önəmini vurğulayıb. Xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını deyən Prezident İlham Əliyev Azərbaycan-İran dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Prezident Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. Məhəmməd Baqeri bildirib ki, İranın Ali Rəhbəri iki ölkə və xalq arasında əlaqələrin bundan sonra daha çox güclənməsini zəruri hesab edir. Qonaq qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş inkişaf, əmin-amanlıq və sabitlik İran xalqı tərəfindən sevinclə qarşılanır. O, xalqlarımızın əsrlər boyu müştərək tarixə və mədəniyyətə malik olduğunu deyib və əlaqələrimizin bu gün də uğurla inkişaf etdiyini vurğulayıb. 

Məhəmməd Baqeri bildirib ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır.

Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə onun təşəkkürlərinin İran rəhbərliyinə çatdırılmasını xahiş edib və Azərbaycanın İran tərəfinin bu ədalətli mövqeyini yüksək qiymətləndirdiyini bildirib. Dövlət başçısı işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılması barədə Məhəmməd Baqerini məlumatlandırıb.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.


*** 12:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi