Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Əfqanıstan Prezidenti ilə görüşüb

    Daha sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub

    Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb. “Report”un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini qarşılayıb.

    Daha sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

    Prezident İlham Əliyev Məhəmməd Əşrəf Qanini seçkilərdə qazandığı qələbə münasibətilə Azərbaycan xalqı adından və öz adından təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. “Bu səfər bizim əməkdaşlığımızın, dostluğumuzun göstəricisidir və mən əminəm ki, biz bütün sahələrdə əməkdaşlığımızı davam etdirəcəyik”, - deyən Azərbaycan Prezidenti iki ölkə arasında çox yaxşı siyasi əlaqələrin olduğunu bildirib. Prezident qeyd edib ki, Azərbaycan və Əfqanıstan hər zaman beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. İqtisadi əməkdaşlıq üçün də yaxşı imkanlar mövcuddur, ticarət dövriyyəsi artır, bu sahədə yaxşı dinamika müşahidə olunur. Bu səfərdən sonra ticarət, investisiya, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Biz hər sahədə fəal əməkdaşlığa hazırıq, çünki Əfqanıstan bizim üçün qardaş ölkədir və xalqlarımız əsrlər boyu sülh və dostluq şəraitində yaşayıb”, - deyən dövlət başçısı iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək üçün bütün imkanlardan istifadə edilməsinin vacibliyini bildirib, Əfqanıstan Prezidentinin ölkəmizə səfərinin yaxşı nəticələri olacağına əminliyini ifadə edib.

    Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. “İlk növbədə Sizi Azərbaycanın möhtəşəm uğurları münasibətilə təbrik edirəm”, - deyən Əfqanıstan dövlətinin başçısı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə baş verən dəyişikliklərin bir örnək olduğunu vurğulayıb. Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirən Məhəmməd Əşrəf Qani ölkədə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən islahatları öyrənmək arzusunu diqqətə çatdırıb. “Sizi Azərbaycanın neftə əsaslanan iqtisadiyyatını çox zəngin, şaxələndirilmiş iqtisadiyyata çevirməyiniz münasibətilə bir daha təbrik edirəm”, - deyən Prezident Məhəmməd Əşrəf Qani Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Məhəmməd Əşrəf Qani dövlət başçısına Əfqanıstana yatırılan investisiyalara görə də təşəkkür edib.

    Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçıları həmçinin regional əməkdaşlıq, investisiya, energetika, inşaat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

    Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Əfqanıstanın icra rəisi Abdulla Abdulla çay süfrəsi arxasında söhbəti davam etdiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi