Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Uruqvay parlamentinin nümayəndə heyətini qəbul edib - ƏLAVƏ OLUNUB

    Azərbaycanda millətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi üçün çox böyük işlər görülüb

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Uruqvay parlamentinin nümayəndə heyətini qəbul edib.

    "Report" xəbər verir ki, dövlət başçısı V Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay Respublikasının yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb. Prezident İlham Əliyev Forumda müzakirə ediləcək məsələlərin bütün ölkələr üçün əhəmiyyətli olacağını qeyd edib. Dövlət başçısı Azərbaycanda millətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi üçün çox böyük işlərin görüldüyünü deyib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə Uruqvayın o qədər də yaxın olmayan bölgələrdə yerləşməsinə baxmayaraq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Dövlət başçısı, eyni zamanda, səfərin Uruqvay nümayəndə heyətinin ölkəmizlə yaxından tanış olması üçün də yaxşı fürsət yaradacağına əminliyini söyləyib.

    Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilya Uruqvay Prezidenti Tabare Vaskesin salamlarını dövlət başçısına çatdırıb. O, V Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğulayıb. Xerardo Amarilya ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyini deyib. Uruqvaylı qonaq ölkəsinin növbəti aylarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayacağını da diqqətə çatdırıb.

    Dövlət başçısı Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Uruqvay dövlətinin başçısına çatdırmağı xahiş edib.

    Sonda xatirə şəkli çəkdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi