​Prezident İlham Əliyev Ukrayna Prezidenti Administrasiyasının rəhbərini qəbul edib

​Prezident İlham Əliyev Ukrayna Prezidenti Administrasiyasının rəhbərini qəbul edib Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
2 Dekabr , 2015 15:29
​Prezident İlham Əliyev Ukrayna Prezidenti Administrasiyasının rəhbərini qəbul edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, ölkəyə ilk dəfə səfər etdiyini vurğulayan Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkin paytaxtda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Ukrayna Prezidenti Pyotr Poroşenkonun məktubunu dövlət başçısına çatdıran Boris Lojkin ölkələrimiz arasında əlaqələrin fəal şəkildə inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Prezident İlham Əliyev Ukrayna Prezidenti ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardığını, iki ölkə arasında müzakirə ediləcək çoxlu birgə layihələrin mövcud olduğunu vurğulayıb. Dövlət başçısı Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Boris Lojkinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi