Prezident İlham Əliyev Sudanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Sudanın yeni səfirinin etimadnaməsini qəbul edib Səfir: "Azərbaycanın işğal altındakı bütün torpaqları azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir"
Xarici siyasət
8 Dekabr , 2017 10:23
Prezident İlham Əliyev Sudanın yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Abbas Mustafa Əhməd Abdallay fəxri qarovul dəstəsinin qarşısından keçib.

Abbas Mustafa Əhməd Abdallay etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu qeyd edərək əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirir. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Abbas Mustafa Əhməd Abdallay səfirlik fəaliyyəti dövründə əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, investisiya, humanitar sahələrdə daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcək.

Səfir Abbas Mustafa Əhməd Abdallay Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirin salamlarını dövlət başçısına çatdırıb. Abbas Mustafa Əhməd Abdallay qeyd edib ki, Sudan Respublikasının Prezidenti ona dost Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər göstərilməsi ilə bağlı tapşırıq verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirib ki, bu məsələ ilə bağlı Sudan Respublikasının mövqeyi dəyişməzdir və dəyişməz olaraq qalacaqdır. Azərbaycanın işğal altındakı bütün torpaqları azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir.

Səfir Abbas Mustafa Əhməd Abdallay ölkəsinin Azərbaycanla iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib.

Prezident İlham Əliyev Sudan Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyə görə təşəkkürünü bildirib.

Dövlət başçısı Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirin salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Sudan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.