Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 25-də Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanı qəbul edib.
"Report" xəbər verir ki, dövlət başçısı Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkaya VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirib və onun səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Sloveniya Milli Şurasının sədri Aloyz Kovşka iki ölkə arasında hələ keçmişdən çox yaxşı əlaqələrin mövcud olduğunu deyib və bildirib ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanlar var. O, iki ölkə arşında əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq doğuran sahələrin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi apardığını və gələcəkdə bu istiqamətdə işlərin görüləcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı, öz növbəsində, Azərbaycan ilə Sloveniya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyib, əlaqələrimizin inkişafında prezidentlər səviyyəsində qarşılıqlı rəsmi səfərlərin önəmini qeyd edib və özünün Sloveniyaya rəsmi səfərini məmnunluqla xatırlayıb. İkitərəfli əlaqələrimizin daha da genişləndirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev iki ölkə arasında tərəfdaşlıq sahələrinin müəyyənləşdirilməsinin əhəmiyyətinə toxunub və bu baxımdan qarşılıqlı ticarətin səviyyəsinin artırılmasının vacibliyini deyib. Dövlət başçısı qeyd edib ki, hər iki ölkədən olan şirkətlər Azərbaycan ilə Sloveniya arasındakı mövcud yaxşı siyasi mühitdən faydalanaraq öz fəaliyyətlərini daha da genişləndirə bilərlər.
Sloveniyada səfərdə olarkən orada Mehdi Hüseynzadənin memorialını ziyarət etdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev iki ölkə arasında humanitar əməkdaşlığın və eləcə də çox mühüm əhəmiyyət daşıyan turizmin inkişaf etdirilməsi üçün də yaxşı perspektivlərin olduğunu bildirib.
*** 16:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Sloveniya Milli Şurasının sədri Aloyz Kovşkanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.