Yuxarı

Prezident İlham Əliyev Pakistanın müdafiə sənayesi nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Navaz Şərifin dəvətini qəbul edib

***18:44

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Pakistanın müdafiə sənayesi nazirinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev pakistanlı nazirin Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakının önəmini qeyd edib. Dövlət başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq bu səfərin ölkələrimiz arasında səmimi və qardaşlıq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib. 

Prezident İlham Əliyev Pakistanın baş naziri ilə Davosda keçirdiyi görüşü də məmnunluqla xatırladı. Prezident İlham Əliyev Azərbaycanla Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkələrimizin bir-birlərini bütün beynəlxalq təşkilatlarda daima dəstəklədiklərini vurğulayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə verikləri dəstəyə görə minnətdarlığını ifadə edib. Dövlət başçısı öz növbəsində Azərbaycanın da Pakistanı həmişə Kəşmir məsələsində dəstəklədiyini qeyd edərək, ölkəmiz üçün Pakistanın dünyada ən yaxın və böyük dost ölkələrdən biri olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanla Pakistan İslam Respublikası arasında müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussain yenidən ölkəmizə səfər etməsindən məmnunluğunu ifadə edib.

Rana Tanvir Hussain Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərifin adından Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. O, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərifin Prezident İlham Əliyevə olan yüksək ehtiramını məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərifin dəvətini minnətdarlıqla qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi