Bakı. 12 oktyabr. REPORT.AZ/ Polşa Respublikasının vətəndaşı, Volomin povyatının starostası Kazimir Rakovski Azərbaycanın Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-dən "Report"a verilən məlumata görə, K.Rakovski Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünə, habelə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun və qaydalara hörmət etdiyini vurğulayıb.
O, regiona səfərinin səbəb olduğu bütün çətinliklərə və nəticələrinə görə üzrxahlığının qəbul edilməsini və adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
K.Rakovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasına dair qərar qəbul edilib.