"Fransa Senatında Azərbaycan əleyhinə qətnamənin lehinə səs verən qanunvericilər obyektiv həqiqəti deyil, bu ölkədəki erməni lobbisinin maliyyələşdirdiyi maraqlarını əsas götürüblər".
Bunu "Report"a açıqlamasında politoloq Rövşən İbrahimov Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməni şərh edərkən deyib.
O bildirib ki, Fransanın erməni əhalisi qanunvericilik səviyyəsində öz maraqlarının lobbiçiliyini uğurla aparır: "Fransa Senatı bu qətnaməni qəbul edərək, onların mövcudluğunu maliyyələşdirən erməni lobbisinin maraqlarını güdüb".
Politoloq vurğulayıb ki, bu məsələdə həqiqət önəm kəsb etmir, önəmli olan sənin nə və kim üçün işləməyindir: “Həmçinin, bu qətnamə Azərbaycana bir ismarış idi: yəni, əgər lazım olsa biz müxtəlif vasitələrdən istifadə edə bilərik”.
R.İbrahimov söyləyib ki, Azərbaycan əleyhinə belə bir qətnamənin qəbul olunması Fransanı Azərbaycan və Ermənistan arasında vasitəçilik imkanından məhrum edir.
Politoloq əmindir ki, Makron yaxın gələcəkdə yenidən bu rolu özünə qaytarmaq üçün vəziyyəti yüngülləşdirməyin yollarını axtaracaq.