“Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi təşkilata sülh şəraitində birgəyaşayış, zorakılıq tətbiq etməmək və münaqişələrdə iştirak etməmək kimi siyasətini həyata keçirməsinə təkan verib.
Bu barədə “Report”a açıqlamasında siyasi məsləhətçi və tədqiqatçı Basel Hac Casem bildirib.
Onun sözlərinə görə, hərəkatın məqsədlərindən biri dünyada gərginliyi azaltmaq və ölkələr arasında dinc yanaşı yaşamaq yollarını tapmaqdır: “Buna görə də Azərbaycanın 3 il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etməsi, Bakının iqtisadi potensialı və dünyadakı diplomatik əlaqələri qurumun fəaliyyətinə müsbət təsir göstərib”.
Politoloq vurğulayıb ki, bu mənada unutmaq olmaz ki, müasir dünyada Qoşulmama Hərəkatı ölkələrinin hələ də üzləşdiyi problemlər var: “Buraya dini, siyasi, iqtisadi kimi bir çox amil və səbəblərə görə ölkələr arasında tam etimadın olmaması daxildir”.
B.H.Casem xatırladıb ki, Azərbaycan pandemiya dövründə əksəriyyəti Qoşulmama Hərəkatının üzvü olan 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərib: “Xüsusən də iqtisadi və siyasi baxımdan nüfuza malik ərəb və digər ölkələrlə səylərin birləşdirilməsi yaxşı əlamətdir”.