“Albaniyanın Baş naziri Edi Ramanın dekabrın 8-də Azərbaycana səfəri ikitərəfli münasibətlər baxımından mühüm hadisədir”.
Bunu "Report"a açıqlamasında ABŞ-dan olan politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.
"Rəsmi Bakı həmişə Tirananın iqtisadi inkişafını dəstəkləyib və hazırda Albaniyanın Baş naziri Edi Rama ikitərəfli dialoqu ən yüksək səviyyəyə qaldırır. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Albaniya daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”, - politoloq bildirib.
O əlavə edib ki, iki ölkə hökumətləri arasında siyasi dialoq yüksək səviyyədədir və bu səfər ikitərəfli iqtisadi tərəfdaşlığı daha da gücləndirəcək: "Azərbaycan Albaniyanın neft emalı zavodunun tikintisi ilə bağlı səylərinə əhəmiyyətli dəstək verə bilər. Albaniyanın neft mühəndislərinə ehtiyacı var və bu sahədə Azərbaycan təcrübəsi çox faydalı ola bilər".
P.Teys vurğulayıb ki, Avropa İttifaqının enerji sektoru Bakı və Tirana arasında sıx əməkdaşlıqdan xeyli faydalana bilər: "Albaniya həmçinin uğurlu iri turizm layihələrinin həyata keçirilməsi baxımından böyük potensiala malikdir".