"Rusiyada yaşayan yeni azərbaycanlı nəslinin işləmək, inkişaf etmək üçün özlərini bu böyük ölkənin vətəndaşları kimi hiss etmələri çox vacibdir".
"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Moskvada Azərbaycan Mədəniyyəti Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu deyib.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGB) fəaliyyətindən danışan səfir qeyd edib ki, təşkilatın yaranmasından artıq 10 il ötdüyünə inanmaq çətindir:
"Sanki təsis konfransı dünən olub, sanki biz bu təşkilata uğurlarımızı dünən arzulamışıq, lakin artıq 10 il keçib. Leyla xanım gənclərin yaşamalı olduqları prioritetləri çox düzgün müəyyən edib".
"Biz Leyla xanım ilə bu gözəl bağda gəzişəndə və fikir mübadiləsi aparanda, qərara gəldik ki, mütləq bu gözəl botanika bağına Azərbaycandan xalqlarımızın və dövlətlərimizin dostluğunu rəmzləşdirəcək bir ağac hədiyyə etməliyik", - deyə azərbaycanlı diplomat bildirib.
İqbal Rüstəmov