Peru Konqresinin təşkilatçılığı ilə parlament binasında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, Peru Konqresindəki Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, qrup üzvləri olan digər millət vəkilləri, ölkədə akkreditə olunmuş səfirlər və diplomatik korpus üzvləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutmuş tədbirdə bu ölkədəki səfirimiz Məmməd Talıbov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqda iştirakçılara məlumat verib, bu qətliamın və acı nəticələrinin unudulmamasının günahkarların layiqli cəzalarını almaları və gələcəkdə bənzər faciələrin baş verməməsi baxımından önəmli olduğunu bildirib.
Xocalı faciəsinə bir çox dünya ölkələrinin parlamentləri tərəfindən gərəkli hüquqi və siyasi qiymətin verildiyini söyləyən M.Talıbov bu xüsusda 2013-cü ildə Peru Konqresində də bu qətliamı sərt şəkildə qınayan sənədin qəbul edilməsi ilə əlaqədar perulu konqresmenlərə bir daha təşəkkürünü ifadə edib.
Sonra çıxış edən Peru Konqresindəki Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xose Enrike Ore Xocalıda həlak olmuş soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı ifadə edib, belə faciələrin yenidən baş verməməsi üçün günahkarların məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb və Peru Konqresi tərəfindən faciənin 30-cu ildönümü ilə bağlı qəbul edilmiş bəyanatın mətnini auditoriyaya çatdırıb.
Sənəddə qətliamın səbəb olduğu mülki insan tələfatı haqda məlumat verilir, bu soyqırımı aktının beynəlxalq səviyyədə dəfələrlə qınandığı, bu xüsusda, 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmiş sənədlə də pisləndiyi bildirilir və Azərbaycan hökuməti və xalqına başsağlığı diləkləri çatdırılır.
Tədbirdə iştirakçılara Xocalı soyqırımı haqda qısametrajlı film nümayiş etdirilib, bröşür və materiallar təqdim olunub.