Pekində 28 may - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib

Pekində 28 may - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyi tərəfindən 28 may – Respublika Günü münasibətilə Pekində rəsmi qəbul təşkil edib
Xarici siyasət
29 May , 2021 11:14
Pekində 28 may - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyi tərəfindən 28 may – Respublika Günü münasibətilə Pekində rəsmi qəbul təşkil edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, çinli rəsmilərin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı çıxışı zamanı 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması və onun həyata keçirdiyi islahatlar barədə qonaqlara geniş məlumat verib: "ADR-in hüquqi, siyasi və mənəvi varisi olan Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistanın hərbi təcavüzü və daxildə qeyri-sabitliklə üzləşmişdi. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkəmizin ağır dövrü arxada qoyaraq inkişaf yoluna qədəm qoydu. Tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, beynəlxalq arenada mövqelər güclənir və nüfuzu artır".

Səfir Əkrəm Zeynallı tarixi kökləri qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin əlaqələrinin hazırda bütün sahələr üzrə dinamik inkişaf etdiyini, bu münasibətlərin qarşılıqlı hörmət və etimada söykəndiyini bildirmişdir. Azərbaycanın Çin ilə əlaqələrə böyük önəm verdiyini bildirən səfir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ildə Pekində 2-ci “Bir Kəmər, Bir Yol Beynəlxalq Əməkdaşlıq Forumu”nda iştirakını yada salmış, səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilmiş görüşün iki ölkə arasında siyasi dialoqun möhkəmlənməsinə töhfə verdiyini diqqətə çatdırmışdır. Diplomat ölkələrimizin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində bir-birinə qarşılıqlı dəstək verdiyini xüsusi vurğulamışdır.

Səfir Ə.Zeynallı ötən ilin payızında 44 gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini, Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatda kommunikasiyaların açılması sayəsində regionda sülh və əməkdaşlığın təmin olunmasına razılaşdıqlarını bildirmişdir. Diplomat Ermənistanın 30 illik işğal dövründə bütün infrastrukturu dağıtdığını və əraziləri minalarla çirkləndiridiyini vurğulayaraq, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin azad edilmiş ərazilərin bərpasına başladığını qeyd etmişdir.

Rəsmi qəbulda iştirak edən Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini U.Cianhao dost Azərbaycan xalqını əlamətdar hadisə münasibətilə təbrik etmiş, ən xoş arzularını çatdırmışdır. Nazir müavini Azərbaycanın Prezident İlham Əliyevin liderliyi altında siyasi sabitliyə və sürətli iqtisadi inkişafa nail olduğunu bildirərək, Çinin yaxın dost və tərəfdaş ölkə kimi Azərbaycanın bu uğurlarına sevindiyini diqqətə çatdırmışdır. O, İlham Əliyevin liderliyi və zəhmətkeş Azərbaycan xalqının səyləri ilə Azərbaycanın gələcəkdə daha böyük uğurlar qazanacağına inandıqlarını demişdir.

Çin rəsmisi ölkələrimizin COVID-19 pandemiyası ilə mübarizədə qarşılıqlı dəstək nümayiş etdirdiklərini, Prezident İlham Əliyevin Uhandakı böhran dövründə ÇXR Sədri Si Cinpinə dəstək məktubu göndərdiyini, həmin çətin günlərdə Bakıdakı Heydər Əliyev Mərkəzinin binasının dəstək əlaməti olaraq Çin bayrağı ilə işıqlandırılmasını məmnunluqla xatırladıb.

U.Cianhao pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə inkişafının davam etdiyini, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində məhsuldar nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Buna misal olaraq, o, cari ilin birinci rübündə ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artdığını, Çindən Azərbaycandan keçməklə Avropa istiqamətində dəmir yolu marşurutlarının sayının çoxaldığını bildirib.

Eyni zamanda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Çinin təşəbbüsü ilə yaradılmış İpək Yolu Beynəlxalq Teatrlar Alyansına qoşulduğunu və bununla mədəni sahədə mübadilələrdə yeni səhifə açıldığını vurğulayıb. Eyni zamanda, ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Çin rəsmisi, 2021-ci ilin hər iki ölkə üçün əlamətdar olduğuna diqqət yönəltmiş və bu il Çin Kommunist Partiyasının yaranmasının 100-cü, Azərbaycanın müstəqilliyinin bərpasının isə 30-cü ildönümünün qeyd edildiyini vurğulayıb. U Cianhao dövlət başçılarının ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı niyyətlərinin həyata keçməsi, siyasi etimadın möhkəmləndirilməsi, qarşılıqlı dəstəyin gücləndirilməsi, “Bir Kəmər, Bir Yol” əməkdaşlığının dərinləşdirilməsi, ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılması istiqamətində Çinin Azərbaycanla işləməyə hazır olduğunu bildirib.

Sonra Azərbaycan haqqında film və Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalından videolar nümayiş etdirilib. Ziyafətdə milli mətbəximizin təamları, o cümlədən plov, dolma, kabab, qutab, Azərbaycan istehsalı olan şərablar qonaqlara təqdim olunub.

Son xəbərlər

Orphus sistemi