Paris İrəvanı silahlandırmaqla sülh gündəliyinə xələl gətirir - ŞƏRH

Paris İrəvanı silahlandırmaqla sülh gündəliyinə xələl gətirir - ŞƏRH Fransa ilə Ermənistan arasında ikitərəfli əlaqələrdə yeni dinamika müşahidə olunur.
Xarici siyasət
21 İyun , 2024 13:39
Paris İrəvanı silahlandırmaqla sülh gündəliyinə xələl gətirir - ŞƏRH

Fransa ilə Ermənistan arasında ikitərəfli əlaqələrdə yeni dinamika müşahidə olunur. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyunun 20-də Fransaya işgüzar səfəri çərçivəsində ölkə prezidentinin xarici işlər üzrə müşaviri Emmanuel Bonnla görüşüb. Görüş zamanı regiondakı vəziyyət müzakirə olunub. Həmçinin, Ermənistan və Fransa arasında ikitərəfli münasibətlərin inkişaf prosesi, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.

Son proseslər göstərir ki, rəsmi İrəvanla Paris arasında təmaslar yenidən güclənib. Fransa Ermənistanı sürətlə silahlandırır. Rəsmi Bakının mövqeyinə görə, bu, qəbuledilməzdir. Regionun digər ölkələri - Türkiyə və Rusiya da Fransanın Ermənistanı silahlandırmasını qınayır.

Fransanın hazırkı hakimiyyəti heç bir bölgəyə xeyir gətirməyib. Yelisey Sarayı sadəcə olaraq işğalçılıq siyasəti yeridir. Makron hakimiyyəti müxtəlif regionlarda özünün təsir imkanını artırmaq üçün bütün imkanlardan istifadə edir. Fransanın Cənubi Qafqazla bağlı niyyətində əsas xətt Ermənistana təzyiqdir. Məlum olduğu kimi, İrəvan regionun ən zəif bəndidir. Deməli, Azərbaycandan fərqli olaraq Ermənistana təzyiq mümkündür. Fransa da bunu bilir. Odur ki, Ermənistanı əvvəlcə silahlandıraraq şirnikləndirir, sonra da təzyiq imkanı əldə edir. Perspektivdə əgər İrəvan Parisin təsirindən çıxmağa cəhd etsə, Makron hakimiyyəti baş nazir Nikol Paşinyana dəstəyi dayandırmaqla təhdid edə bilər. Bu, təxminən ABŞ-nin Ukrayna siyasətini xatırladır.

Fransa ilə Ermənistan arasında son zamanlar əlaqələrin güclənməsini təsadüfi hesab etmək olmaz. Çox güman ki, Yelisey Sarayı Bakı ilə İrəvan arasında son zamanlar müşahidə olunan normallaşmadan, o cümlədən ikitərəfli əlaqələrdən narahatdır. Ona görə də bütün imkanları ilə bu prosesə mane olmağa çalışır. Bu isə məhz Ermənistana təzyiq vasitəsilə mümkündür.

Əlbəttə, hər bir ölkə kimi Ermənistanın da silah almaq hüququ var. Amma sual yaranır: Birincisi, niyə Ermənistanın silah aldığı ölkələr arasında Fransa həmişə birinci olur? İkinci, bu proses niyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdığı dövrə təsadüf edir? İkinci bir tərəfdən, tarixi təcrübə, o cümlədən son illər baş verənlər onu deməyə əsas verir ki, Yelisey Sarayı həmişə Cənubi Qafqazla bağlı qərəzli mövqe ortaya qoyub. Bu baxımdan, Parislə İrəvan arasındakı əlaqələrin, o cümlədən silah tədarükünün (özü də hücum silahlarının-red) sadəcə müdafiə xarakterli olduğuna kimsə zəmanət verə və kimsə rəsmi Bakını buna inandıra bilməz.

Parislə İrəvan arasındakı əlaqələrin hazırkı tempi və baş verənlər perspektivdə sülh gündəliyinə xələl gətirməklə yanaşı, həm də növbəti müharibəyə, yaxud hərbi gərginliyə səbəb ola bilər. Bu isə onsuz da xarici və daxili siyasəti böhran vəziyyətində olan Ermənistan üçün sərfəli deyil.

Son xəbərlər

Orphus sistemi