“Azərbaycan ilə Pakistan arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi yolunda maneələr yaradan bəzi hallara baxmayaraq, dövlətlər onları uğurla aradan qaldırır”.
Bunu “Report”a müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Bilal Haee deyib.
Səfir belə hallardan biri kimi nəqliyyat məsələsini qeyd edib. Bunun aradan qaldırılması üçün Pakistanın ən böyük nəqliyyat şirkəti “National Logistics Cell” (NLC) bir neçə həftə əvvəl ilk dəfə Pakistan və Azərbaycan arasında birbaşa logistik nəqliyyat əməliyyatını həyata keçirib - Pakistandan ixrac məhsulları olan yük maşınlarının ilk partiyası Bakıya gəlib.
Səfirin sözlərinə görə, bu pilot layihənin icrasına başlanması logistika sahəsində gələcək əməkdaşlığın perspektivlərinin göstəricisidir.
O, Azərbaycanın bəzi nəqliyyat şirkətlərinin də Pakistana analoji daşımaları həyata keçirə biləcəyinə ümid etdiyini bildirib: “Pakistan böyük bazardır və biz istərdik ki, bu bazara daha çox Azərbaycan məhsulu daxil olsun. Bu, iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdıracaq”.
Səfir qeyd edib ki, digər məsələ iki ölkənin paytaxtları arasında birbaşa uçuşların olmamasıdır: “Pakistanın beynəlxalq aviaşirkətləri nəinki Azərbaycanla birbaşa reyslərin açılmasında, hətta burada ofisin açılmasında da çox maraqlıdırlar. Bunda yeganə maneə COVID-19-dan sonra Azərbaycanın viza prosesini tam bərpa etməsidir. Biz minlərlə pakistanlının Azərbaycana səfər etməyə hazır olduğunu görürük”.
“Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsindən sonra biz hesab edirik ki, indi iki ölkə arasında digər sahələrdə, xüsusən də iqtisadi, ticarət, investisiya və digər sahələrdə əlaqələrin genişləndirilməsinin vaxtı çatıb. Müdafiə sahəsində əlaqələrimiz çox güclüdür və biz onları daha yüksək səviyyəyə çatdırmaq istəyirik”, - səfir əlavə edib.
Onun sözlərinə görə, tərəflər ölkələr arasında mədəni əməkdaşlığa da diqqət yetirmək istəyirlər: “Bunun üçün Pakistan Azərbaycan Dillər Universitetində mədəniyyət mərkəzi açıb və tezliklə Pakistanın ən böyük universitetlərindən birində Azərbaycan mədəniyyət mərkəzi açılacaq. Bu mərkəzlər ölkələrin dillərinin və mədəniyyətlərinin digər ölkədə populyarlaşmasına töhfə verəcək”.
“Gələn il Azərbaycanla Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olacaq. Bununla bağlı müxtəlif sahələrdə bir sıra tədbirlər həyata keçirməyi planlaşdırırıq”, - səfir fikrini tamamlayıb.