Türk dünyası iqlim dəyişikliyi ilə bağlı mübarizədə beynəlxalq əməkdaşlığa töhfə verir.
"Report"un xəbərinə görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, bu il Azərbaycanda keçiriləcək COP29 ciddi tarixi hadisə olacaq: “Biz bu məsələdə Azərbaycana dəstək verməyə hazırıq”.
Dövlət başçısı qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə mərkəzi yaradılmalıdır və bunu yarada biləcəklərinə ümid bəsləyir:
“COP29 üçün Azərbaycana uğur arzulayıram. İqim dəyişikliyi ilə mübarizəni birgə aparmalıyıq. TDT beynəlxalq iqlim əməkdaşlığında aktiv rol oynamaqda maraqlıdır və bunun üçün çalışır”.
Ş.Mirziyoyev onu da diqqətə çatdırıb ki, ötən il ticarət dövriyyəsinin həcmi 27 faiz artıb:
“Bu tendensiyanın davam etməsinə çalışılmalıdır. TDT daxilində digital sistemlər yaradılıb. Biz “one stop shop” sisteminin yaradılmasında maraqlıyıq”.