Odri Giral Napels: İdman infrastrukturu şəhər sakinlərinin həyat keyfiyyətini yaxşılaşdırmalıdır
- 20 may, 2026
- 14:06
Yeniliklərdən dərhal xəbərdar olun!
İdman infrastrukturu sadəcə bir tikinti layihəsi kimi deyil, şəhər inkişafının, sosial inteqrasiyanın və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmanın mühüm aləti kimi qəbul edilməlidir.
"Report" xəbər verir ki, bunu Fransız İnkişaf Agentliyinin (AFD) departament rəhbəri Odri Giral Napels Bakıda keçirilən WUF13 çərçivəsində panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, idman və şəhər inkişafı arasındakı əlaqə müasir urbanistik gündəmin əsas mövzularından birinə çevrilir.
"İdman şəhərin hər yerində mövcuddur, lakin hələ də ikinci dərəcəli sahə kimi qəbul edilir", - o qeyd edib.
Onun sözlərinə görə, idman infrastrukturuna investisiyalara sadəcə obyektlərin tikintisindən çox daha geniş baxmaq lazımdır.
Bununla yanaşı o qeyd edib ki, bu cür layihələrin uğuru yalnız maliyyələşdirmənin həcmindən asılı deyil. "Bəzən biz görürdük ki, açılışdan iki il sonra obyektlər istifadəyə yararsız hala düşür və ya boş qalırdı. Problem nadir hallarda pulda idi. Daha çox bu, konsepsiya, eləcə də infrastrukturun necə idarə olunacağı və istismar ediləcəyi məsələsi idi", - o bildirib.
AFD nümayəndəsinin sözlərinə görə, layihələrin qiymətləndirilməsi zamanı infrastrukturun əhalinin real ehtiyaclarına nə dərəcədə cavab verməsinə və ən həssas qruplar üçün əlçatan olmasına xüsusi diqqət yetirilir.
"Ən vacib sual budur - bu infrastruktur ona ən çox ehtiyacı olan insanlara xidmət edəcəkmi? Praktikada söhbət qadınlardan, gənclərdən və həssas icmalardan gedir", - o vurğulayıb.