Nuno Keyros: “BMTİP-in layihəsi Azərbaycanda bələdiyyələri inkişaf etdirmək məqsədi daşıyır”
- 17 mart, 2023
- 09:08
Yeniliklərdən dərhal xəbərdar olun!
“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” layihəsi Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib”.
“Report” xəbər verir ki, bunu BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyros bu proqram üzrə qrant müsabiqəsində qalib gəlmiş bələdiyyələrin rəhbərləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən bu layihə Azərbaycanda yerli özünüidarəetmə orqanları üçün ilk təşəbbüsdür.
Layihənin regional meneceri Tina Stoum bildirib ki, bu, ölkə iqtisadiyyatının inkişafına və Azərbaycan üçün yeni gələcəyin yaradılmasına töhfə verəcək.
O qeyd edib ki, bu proqram “yaşıl keçid”, təhsil, iqtisadi artım və s. sahələrdə bələdiyyələrə dəstək verilməsi daxil olmaqla çox geniş məsələləri əhatə edir: “Bu, regional layihədir və onun bəhrəsini Azərbaycanda da görmək istəyirik”.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov isə bu ilin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Bununla bağlı Azərbaycanın inkişafına yönəlmiş bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.
E.Həsənov əlavə edib ki, Azərbaycan bələdiyyələri BMT-nin İnkişaf Proqramının bu layihəsi çərçivəsində əməkdaşlığa hazırdır.
Qeyd edək ki, seçilmiş yerli idarəetmə orqanlarına texniki dəstək, bilik-bacarıqlarının artımı və layihələrinin icrası üçün maddi dəstək göstəriləcək.
“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramına Azərbaycanda 2022-ci ilin martında start verilib. Bu proqrama Azərbaycan üzrə 55 yerli özünüidarəetmə orqanı qoşulub.