"Hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, icazə verin, bizim regionda sabitliyin və təhlükəsizliyin bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyiniz səylərə görə Sizə təşəkkür edim".
"Report" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı bildirib.
"Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır. Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik. Lakin hesab edirik ki, konkret olaraq bizim birgə Bəyanatın 8-ci bəndi, təəssüf ki, tam yerinə yetirilmir. Ümidvaram ki, biz qısa müddətdə konkret qərara gələ biləcəyik. Lakin deməliyəm ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir. Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. İqtisadi yeniliklər təhlükəsizliyin daha etibarlı qarantiyalarına gətirib çıxara bilər və biz, əlbəttə, bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq. Lakin dediyim kimi, təəssüf ki, bütün məsələləri bir görüş ərzində həll etmək mümkün deyil. Ümidvaram ki, biz daha irəli gedəcəyik. Bir daha vurğulamaq istəyirəm, indiki məqamda bizim üçün ən başlıca məsələ humanitar məsələlər - bizim 9, yaxud 10 noyabr tarixli birgə Bəyanatın 8-ci bəndi ilə nəzərdə tutulmuş hərbi əsirlərin dəyişdirilməsi məsələləridir", - Ermənistanın baş naziri deyib.