Niderlandda anti-Azərbaycan qrupları əleyhinə etiraz aksiyası keçirilib - FOTO

Niderlandda anti-Azərbaycan qrupları əleyhinə etiraz aksiyası keçirilib - FOTO Bakı. 8 aprel. REPORT.AZ/ Niderland Krallığında yaşayan soydaşlarımız Azərbaycanın Haaqa şəhərindəki Səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirib.
Xarici siyasət
8 Aprel , 2018 19:21
Niderlandda anti-Azərbaycan qrupları əleyhinə etiraz aksiyası keçirilib - FOTO

Bakı. 8 aprel. REPORT.AZ/ Niderland Krallığında yaşayan soydaşlarımız Azərbaycanın Haaqa şəhərindəki Səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirib.

Avropa Azərbaycanlıları Konqresindən (AAK) "Report"a verilən məlumata görə, AAK, Benelüks Azərbaycanlıları Konqresi (BAK) ilə birgə keçirilən aksiyanın iştirakçıları son vaxtlar qitənin bəzi ölkələrində baş qaldıran anti-Azərbaycan qruplarına etirazlarını bildiriblər.

150-dək iştirakçının qatıldığı mitinqdə çıxış edən AAK prezidenti Sahil Qasımov yalnız Niderlandda deyil, Avropada yaşayan əksər azərbaycanlıların da bu kampaniyadan ciddi narahat olduqlarını və tarixi vətənləri Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyanı pislədiklərini bildirib: “Biz çox təəssüf edirik ki, özünü müxalifət kimi təqdim edən bəzi azərbaycanlılar kənar qüvvələrin təsiri altına düşərək, Azərbaycan dövlətini, dövlət atributlarını təhqir edirlər. Bu, Avropada yaşayan biz azərbaycanlıları tarixi vətənimiz adına məyus edir, buna ciddi etirazımızı bildiririk. Onlar müxalifət adı ilə burada Azərbaycanın, dövlət rəhbərliyinin nüfuzunu kimlərinsə sifarişi ilə ləkələməyə çalışırlar. Söyüş, təhqiredici kampaniyalar heç bir ölkənin, o cümlədən Avropanın yaşam qaydalarına uyğun deyil. Bütün bunlara görə həmin şəxsləri Avropada yaşayan Azərbaycan müxalifətinin təmsilçiləri də qəbul etmirlər. Təhqir acizlərin son silahıdır. Ümumiyyətlə o şəxslərin bu hərəkətlərdən sonra burada Azərbaycanı təmsil etmək haqları da yoxdur". 

S. Qasımov qeyd edib ki, Avropada yaşayan soydaşlarımız 11 apreldə Azərbaycanda keçiriləcək prezident seçkilərində ölkənin son illər keçdiyi inkişaf yolunu birmənalı şəkildə dəstəkləyəcəklərini nümayiş etdirəcəklər.

BAK-ın birinci vitse-prezidenti Elsevər Məmmədov isə bildirib ki, bu gün bəzi dairələr Avropada sifarişlə Azərbaycana, Türkiyəyə qarşı çirkin kampaniya aparırlar: “Təəssüf ki, Azərbaycandakı inkişaf təbii ki, burdakı bəzi dairələri narahat edir və onlar də aramızdakı bəzilərini təsir altına salaraq, həmin şəxslərdən ən çirkin təbliğat üçün istifadə edirlər. Əlləri bütün vasitələrdən üzüldüyü üçün indi də söyüş və təhqirə əl atıblar. Avropada belə hərəkətlər ən azı biz azərbaycanlıların adına utancvericidir. Amma təbii ki, bu cəhdlər faydasızdır. Çünki son 25 ildə məhz təzyiqlərə baxmayaraq Azərbaycan sürətlə inkişaf edərək bu mövqeyə gəlib çatıb”.

Niderlandın Brabant əyalətinin Azərbaycanlılar Şurasının sədri Ofelya Babayeva, Sima Cəfərova, Mayisə Ağamirzəyeva və digərləri bu təhqir kampaniyasına sərt etiraz ediblər. Onlar ölkədə yaşayan azərbaycanlıların daim Azərbaycan dövlətini dəstəklədiklərini, son illər ölkədə aparılan inkişafı təqdir etdiklərini bildiriblər. 

Bildirilib ki, Avropada yaşayan və ölkəmiz əleyhinə fəaliyyət göstərən bəzi şəxslər xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun adından çıxış edə bilməz. İştirakçılar “Hər zaman, hər yerdə səninləyik Azərbaycan!”, “Vətəndən kənarda Vətən adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”,”Vətənimizin qüdrəti bizim qürurumuzdur!” və sair şüarlar səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi