“Ümumilikdə qarşı tərəfdən bu və ya digər məsələlərin cəmiyyətə təhrif olunmuş şəkildə təqdim olunması, təəssüflər olsun ki, ilk dəfə baş vermir. Biz Vətən müharibəsi dövründə Ermənistan cəmiyyətinə təqdim olunmuş yanlış məlumatları hələ də xatırlayırıq”.
“Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
“Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı əldə etdiyi yüksəkliklər, işğaldan azad etdiyi şəhər və kəndlərlə bağlı Ermənistan rəhbərliyi cəmiyyətə tamamilə yanlış məlumatlar verirdi. Bilirsiniz ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması Ermənistan cəmiyyətində partlayışa səbəb oldu. Bunun səbəb isə cəmiyyətin müharibə dövründə məlumatsızlıq vakuumunda saxlanması və ermənilərin yanlış məlumatlar fonunda tamamilə fərqli təsəvvürə malik olması ilə bağlı idi. Ermənistan cəmiyyəti hərbi əməliyyatlarla bağlı cəbhədə mövcud vəziyyətin nədən ibarət olduğunu bilmirdi”, - nazir müavini söyləyib.
Nazir müavinin sözlərinə görə, oktyabr ayında Ermənistan Beynəlxalq Ədalət Məhkəməsi qarşısında qaldırdığı bir nömrəli məsələ Azərbaycanda saxlanılan erməniəsilli şəxslərin azad olunması ilə bağlı idi: “Bu məsələ ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi birmənalı mövqeyini bildirdi. Ermənistanın istinad etdiyi qərarlar Azərbaycanın həmin konvensiya üzrə mövcud olan öhdəliklərinin təkrarlanmasından ibarət oldu. Həm beynəlxalq humanitar hüquqa, həm də həmin konvensiyaya əsasən, Azərbaycanda saxlanılan şəxslərlə bağlı onlara münasibətdə humanitar rəftarın təmin olunmalı, həmin şəxslərə qarşı hər hansısa təzyiq göstərilməməlidir. Azərbaycan üzərinə götürdüyü bütün beynəlxalq konvensiyalar üzrə öhdəliklərini tam əməl edir və bundan sonra da edəcək. Bu mənada reallıqda Azərbaycan üçün heç nə dəyişmir”.