“İşğaldan azad olunmuş ərazilərlə bağlı Böyük Qayıdış Proqramı bizim dövlətimizin əsas prioritetləri sırasındadır. Bu Proqram çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçına, Füzuliyə, Ağalı, Zabux və Talış kəndlərinə köçürülüb”.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib. Müraciəti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oxuyub.
Müraciətdə qarşıdan gələn 3 ildə təxminən 100 minə yaxın keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasının planlaşdırıldığı vurğulanıb:
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə yanaşı, əhalinin davamlı şəkildə köçürülməsi və layihələrin icra olunması bu ərazilərin inkişaf etmiş regiona çevrilməsinə şərait yaradır”.