“İqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Üçtərəfli İşçi Qrupu Arazdəyən-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir”.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan söyləyib.
Onun sözlərinə görə, müzakirələrə çıxarılan variantlardan biri də Mehri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvandan İrana kommunikasiyanın açılması məsələsi olub: “Mövcud infrastrukturdan istifadə etməklə gerçəkləşdirilə biləcək hər hansı kommunikasiya xəttinin açılması imkanı, əlbəttə ki, bizim üçün arzuolunandır. Amma bu, danışıqların mövzusudur və hansı razılığa gələcəyimizi hələ deyə bilmərəm”.
M.Qriqoryan bildirib ki, digər variant İcevan-Qazax dəmir yolu xəttinin açılması imkanları müzakirə olunub.
Baş nazirin müavini qeyd edib ki, hazırkı mərhələdə xərc və faydaların lazımi nisbətini verən daha realistik layihələr nəzərdə keçirilir: “Heç bir variant gündəmdən çıxarılmasa da, indi hazırkı danışıqlar mərhələsinə tətbiq olunan məsələlər müzakirə edilir”.
O vurğulayıb ki, Türkiyə ilə dəmir yolu xəttinin bərpası hələlik heç bir detala varmadan konseptual səviyyədə müzakirə edilir.