“Müharibə etməyə gücü, sülh bağlamağa isə cəsarəti çatmayan Paşinyan üçün yeganə çıxış yolu məhz siyasi oyunların kölgəsinə sığınmağa qalıb”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın ötən gün hökumətin iclasında çıxışı zamanı növbəti dəfə bölgədə “gərgin humanitar vəziyyət” barədə iddiaları təkrarlaması İrəvanın bu şouya sülh prosesini ləngitmək üçün fürsət kimi yanaşdığını sübut edir:
“Ermənistan 44 günlük savaşda ordusunu və döyüş ruhunu itirdikdən sonra yaxşı anlayır ki, təcavüzkar niyyətlərini yeni müharibə yolu ilə həyata keçirmək şansı sıfıra bərabərdir. Sürətli silahlanmaqla hərbi büdcəsi bütövlükdə Ermənistanın dövlət büdcəsindən çox olan Azərbaycanla balansı bərpa etməsi mümkün deyil. Ordunun qalıqları isə fərarilərdən təşkil olunub. Paşinyan yaxşı anlayır ki, Ermənistan üçün sülh hava və su kimi lazımdır. Lakin erməni baş nazir onu da anlayır ki, erməni cəmiyyətinin çirkab ideologiyadan qısa müddətdə qurtulması mümkün deyil. Müharibə etməyə gücü, sülh bağlamağa isə cəsarəti çatmayan Paşinyan üçün yeganə çıxış yolu məhz bu kimi siyasi oyunların kölgəsinə sığınmağa qalıb.
Əlbəttə, biz on illərlə davam etmiş və Ermənistan üçün milli ideologiyaya çevrilmiş düşmənçiliyin dərhal bitə biləcəyi qənaətində deyilik. Lakin İrəvanın bu düşmənçiliyi davam etdirmək üçün cəsarət aldığı meyarlar, miflər Vətən müharibəsi ilə aradan qaldırıldıqdan və Fransanın timsalında işğal və separatizm havadarları bölgədən qovulduqdan sonra yekun sülh üçün nisbi uyğun mühit yaranıb. Belə bir şəraitdə, Ermənistan tərəfindən “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə vermək cəhdi və bu cəhdlərə bəzi beynəlxalq subyektlərdən gələn “dəstək” prosesləri pozmaqla regionda sülh perspektivlərini heçə endirir. Bu bizi narahat edir, lakin regionda əməliyyat şəraitinə və hərbi-siyasi gündəmə nəzarət edən Azərbaycan üçün Ermənistanla İrəvanın arzu etmədiyi sülhdən daha vacibi suverenliyimiz və milli maraqlarımızdır. Biz nə ən azı son yüz ildə 5 qanlı etnik təmizləmə, 10-dan artıq soyqırımı aktı, çoxsaylı sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmiş Ermənistana, nə də onun cinayətkar havadarlarına Azərbaycana əsassız, absurd ittihamlarla təzyiq mühiti yaratmaq və bununla nəyə isə nail olmaq cəhdlərinə imkan verməyəcəyik”.