Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 30 illiyi: keçilmiş yol və regional və qlobal əməkdaşlıq kontekstində ikitərəfli münasibətlərin inkişaf perspektivləri” adlı ikinci iclası keçirilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, iclası Rusiya Beynəlxalq İşlər Şurası (RIAC) və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi təşkil edib.
Tədbiri RIAC-ın baş direktoru Andrey Kortunov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev açıblar.
Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Milli Məclisin deputatı Nizami Səfərov, Rusiya Dövlət Dumasının deputatı Kazbek Taysayev vurğulayıblar ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı maraqlara, tarixi köklərə və iki ölkə liderləri arasında yüksək etimada əsaslanır.
K.Taysayevin sözlərinə görə, Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə yüksək qiymətləndirilir: “Gələn il Rusiyada Heydər Əliyevin anadan olmasının 100 illiyi geniş şəkildə qeyd olunacaq. Bu, dahi şəxsiyyətin ümumi tariximizdəki rolunu müzakirə etmək imkanı yaradacaq”.
E.İskəndərov isə bildirib ki, bu iki müstəqil dövlət arasında 30 illik qarşılıqlı əlaqə nəticəsində Rusiya ilə Azərbaycan arasında çoxqütblü dünyada suveren aktorların münasibətləri üçün nümunə ola biləcək sabit strateji tərəfdaşlıq formulu qurulub.
Qeyri-rəsmi interaktiv dialoq şəraitində keçən müzakirələr zamanı iclas iştirakçıları yeni reallıqda Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının qurulması məsələsində Azərbaycan və Rusiyanın yanaşmalarını nəzərdən keçiriblər.
Bu baxımdan, postmünaqişə gündəliyin həyata keçirilməsinin zəruriliyinə dair Azərbaycan və Rusiyanın mövqelərinin ümumiliyi bir daha vurğulanıb. Söhbət tərəflərin Praqa və Soçi danışıqlarının yekunlarına dair bəyanatlarda əksini tapmış ərazi bütövlüyünün qarşılıqlı tanınması və suverenliyə hörmətlə bağlı tərəflərin razılaşdırdıqları prinsiplər əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasına yardım etməkdən gedir.
Ekspertlər əlavə ediblər ki, bu prosesin ləngiməsi həm regionda əlavə gərginlik ocaqlarının yaranmasına, həm də belə vəziyyətdən qeyri-regional oyunçuların bölgədə destruktiv hərəkətlər üçün istifadəsi üçün zəmin yaradır.
Rusiya-Azərbaycan Ekspert Şurasının üzvləri regionun iqtisadi inkişafı üzrə tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, bu baxımdan Cənubi Qafqaz regionunda etimad və dayanıqlı sülh mühitinin, qlobal, regional nəqliyyat və logistika kommunikasiyalarının yaradılması kimi məsələlərdə ikitərəfli əməkdaşlığın qurulmasının zəruriliyi barədə razılığa gəliblər.
Bununla əlaqədar, regional kommunikasiyaların açılması və daha maneəsiz fəaliyyət göstərməsi üçün üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanıb. Beynəlxalq nəqliyyat-logistika sistemində turbulentlik şəraitində həyata keçirilən “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin artan rolu qeyd edilib.